
Bakı. Trend:
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu
gün 7 idman növü üzrə yarışlar keçiriləcək.
Trend-in
məlumatına görə, çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci
oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı
görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda
Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları start
götürəcək. Qəbələ Atıcılıq Mərkəzində isə stend atıcılığı üzrə
növbəti medallar sahibini tapacaq.
Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə
taekvondo, Yevlaxda isə boks yarışları təşkil olunacaq.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycan 5 qızıl, 17 gümüş və 16 bürünc medalla ümumi sıralamada
2-ci pillədə qərarlaşıb. Siyahıya 49 (34 qızıl, 8 gümüş, 7 bürünc)
medalla Rusiya komandası başçılıq edir.