
Bakı. Trend:
“Mövsüm ərzində bu tip xəstəliklər təkrarlanır. Bu ona görə baş
verir ki, hər mövsümdə qripin 3-4 ayrı-ayrı ştamı və bir neçə
kəskin respirator virus infeksiyaları dövr edir”.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist
Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, hansısa bir virus infeksiyasını keçirdikdən
sonra orqanizmdə həmin törədicinin məhz keçirilmiş ştamına qarşı
müxtəlif müddətli və müxtəlif güclü immunitet formalaşır:
“Bu immunitet insanı həmin infeksiyanın digər ştamlarından və
digər infeksiyalardan qorumur. Ümumiyyətlə payız-qış mövsümündə hər
bir sağlam insanın 2-3 dəfə bu cür infeksiyalara tutulması və
onladan fəsadsız sağalması normal hal kimi qəbul olunur. Qrip və
digər kəskin respirator infeksiyalardan sonra ümumi zəiflik, tez
yorulma, iş qabiliyyətinin tam bərpa olmaması, yuxunun pozulması,
yaddaşın zəifləməsi, diqqətin yayğın olması, baş ağrıları və s.
kimi astenizasiya əlamətləri rast gəlinir. Bu hallarda asteniya
əlamətlərinin davam müddəti bir neçə faktordan asılı olaraq dəyişə
bilər. Əksər hallarda astenizasiya xəstəlikdən sonrakı 1-2 həftə
ərzində davam edir. Lakin keçirilmiş infeksiyanın ağırlığından,
fəsadların olub-olmamasından (məsələn, pnevmoniya, bronxit və s.),
pasiyentin yaşından (uşaq, ahıl şəxs), onun əziyyət çəkdiyi xroniki
xəstəliklərdən (birinci növbədə tənəffüs orqanlarının, sinir
sisteminin və s.), onun fərdi xüsusiyyətlərindən, immun sisteminin
vəziyyətindən və s. asılı olaraq bərpa dövrü daha uzun ola
bilər”.
T.Eyvazov qeyd edib ki, əgər bu əlamətlər 2 aydan çox davam
edərsə, bu hal xroniki yorğunluq sindromu adlanır və həkimə
müraciət olunmasını tövsiyə olunur:
“Astenizasiyanın tez ötüb keçməsi üçün açıq havada gəzintilər,
kifayət qədər istirahət və yuxu, vitaminli-mineral tərkibli,
zülallarla zəngin qidalanma, siqaret çəkmək və alkohol qəbulu kimi
zərərli vərdişlərdən imtina, stres və emosional gərginliklərdən
mümkün qədər yayınmaq məsləhət görülür”.