
Bakı. Trend:
Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və
jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai
rəyinin formalaşmasında ciddi təsir imkanına malik şəxslərinin
şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin
göstəricisidir.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal
Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media
Forumunda çıxış edərkən deyib.
O bildirib ki, ötən il Daşkənd şəhərində keçirilmiş
Özbəkistan-Azərbaycan Media Forumu “Rəqəmsal dövrdə həqiqət
axtarışında: Dezinformasiyaya qarşı mübarizə” adlanırdı:
“Texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin
informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu
kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün
prioritet təşkil edən məsələlərdəndir. Xatırlayırıq ki, forum
çərçivəsində aparılan müzakirələrdə bu məsələlər ətrafında maraqlı
fikirlər səslənmiş, atılacaq addımlarla bağlı praktik tövsiyələr
verilib. Bu dəfəki forumumuz da media gündəminin daim diqqətdə
saxladığı və jurnalistikanın müasir inkişaf tempindən irəli gələn
mövzuya – “Rəqəmsal transformasiya və media” məsələsinə həsr
olunmuşdur. Qeyd edək ki, bugünkü müzakirəmizin mövzusu – rəqəmsal
transformasiya və media – sadəcə texnoloji yenilikləri ehtiva
etmir, eyni zamanda cəmiyyətlərin informasiyaya münasibətini, media
kontentinin dərk edilməsini, bütövlükdə jurnalistikanın gələcəyini
şərtləndirən, onu köklü şəkildə dəyişdirən bir prosesi nəzərdə
tutur”.
O qeyd edib ki, indi xəbərlər yalnız ənənəvi media modelləri
olan qəzet səhifələrində və ya televiziya ekranlarında deyil, mobil
telefonların ekranlarında, sosial şəbəkə lentlərində və süni
intellekt tərəfindən hazırlanmış analitik platformalarda
formalaşır.
“Əgər ötən illərdə əsas prioritet informasiyanın sürətli
çatdırılması idisə, bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai
etimad əsas dəyərə çevrilib. Bu prosesi, qlobal trendləri təhlil
edərkən belə qənaətə gələ bilərik ki, medianın gələcəyi təkcə
jurnalistlərin deyil, bütün ictimai institutların birgə səylərindən
asılıdır. Rəqəmsal transformasiya qarşısında seçimimiz yoxdur – biz
bu prosesin müşahidəçisi yox, fəal iştirakçısı olmalıyıq. Əminik
ki, forum çərçivəsində qarşılıqlı əməkdaşlıq, bilik və təcrübə
mübadiləsi ilə bu texnoloji tərəqqini ölkələrimizin inkişafı,
vətəndaşlarımızın daha keyfiyyətli informasiya təminatı üçün
üstünlüyə çevirə bilərik” – deyə o vurğulayıb.

