
Bakı. Trend:
Süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən
irəli gələn spesifik məsələlərin həlli günümüzün vacib çağrışları
sırasındadır.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal
Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media
Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu yeni bilik və bacarıqlara yiyələnmək,
onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya
landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır:
“Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək
üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması
prosesində də yararlanmalıdır. Məlumdur ki, kontentin jurnalistika
prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması,
analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də
hazırlanmış materialın vizualizasiyası süni intellekt
texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz”.
Əhməd İsmayılov qeyd edib ki, bu müasir yanaşma jurnalistikanın
artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas
verir:
“Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin
nailiyyətlərindən istifadə etməkdədir. Biz bu prosesi yaxından
izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə
davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış
edirik”.

