
Bakı. Trend:
Azərbaycanı xarici iqtisadi mövqeyi, karbohidrogen
qiymətlərindəki dəyişkənliklərə baxmayaraq, sabit qalıb.
Trend bu barədə
Asiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir.
“Maliyyə gəlirlərinin yüksək olması büdcə profisitini qorumağa
imkan verib. 2025-ci ilin birinci yarısında gəlirlər 2024-cü ildəki
ÜDM-in 31,4 faizindən 31,9 faizə yüksəlib, bu isə vergi yığımının
artması və Dövlət Neft Fondunun köçürmələrinin çoxalması ilə
bağlıdır. Xərclər isə 2024-cü ildə ÜDM-in 26,8 faizindən 2025-ci
ildə 27,5 faizə yüksəlib, o cümlədən əsaslı xərclər 11,1 faiz, cari
xərclər isə 7,5 faiz artıb. 2025-ci ilin ilk altı ayında büdcə
profisiti ÜDM-in 4,4 faizini təşkil edib”, – deyə hesabatda
bildirilir.
AİB-in məlumatına görə, ölkənin xarici iqtisadi mövqeyi, neft və
qaz qiymətlərindəki qeyri-sabitliyə baxmayaraq, güclü olaraq qalır.
2025-ci ilin birinci rübündə cari hesab 1,1 milyard dollar
profisitlə bağlanıb ki, bu da ÜDM-in 6,5 faizi deməkdir.
“Əmtəə ticarətinin həcmi 10 milyard dollar təşkil edib, bunun
6,2 milyard dolları ixrac, 3,8 milyard dolları isə idxaldır.
Neft-qaz sektorundakı profisit digər məhsullar üzrə kəsiri
kompensasiya edərək ümumi 2,5 milyard dollarlıq ticarət profisitini
təmin edib. Qeyri-neft məhsullarının ixracı 11,8 faiz, idxal isə
8,2 faiz artıb. Bununla yanaşı, pul köçürmələri 22 faiz azalıb.
Xidmətlər balansı isə kəsirli qalıb: ixrac 19,9 faiz artsa da,
idxal 24,1 faiz yüksəlib”,- deyə hesabatda qeyd olunur.