
Bakı. Trend:
Azərbaycan 2040-cı ilə qədər mərhələli tətbiqetmə nəticəsində
təxminən 4 qiqavatlıq bərpa olunan enerjini ixrac etməyi
planlaşdırır. Bərpa olunan enerjinin fasiləli xarakterini nəzərə
alaraq, şəbəkəni tam gücü ilə davamlı işlətmək üçün 4 qiqavatlıq
ixracdan üç dəfə artıq həcm tətbiq olunmalıdır.
Trend xəbər
verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi
üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı bildirib.
O qeyd edib ki, enerji layihələrinin tətbiqi müxtəlif
mərhələlərə bölünüb:
“Birinci mərhələ artıq tamamlanmaq üzrədir. Bu mərhələni pilot
mərhələ adlandırmaq olar və 2027-ci ilə qədər davam edəcək. Bu,
giriş mərhələsidir və burada hökumət inkişaf etdirici şirkətləri
maksimum dəstəkləyir ki, ilk layihəni həyata keçirə bilsinlər və
operativ hala gətirsinlər. Bu mərhələdə inkişaf etdiricilərdən
enerji saxlanması tələb olunmur, onlara şəbəkəyə prioritet çıxış
verilir və hər hansı kəsilmə tətbiq edilmir. Əsas məqsəd bu
mərhələdə konsepsiyanı təsdiqləməkdir. Azərbaycan milli şəbəkəsinin
bu mərhələdə 2 gigavatlıq bərpa olunan enerji inteqrasiyası imkanı
var və 2027-ci ilə qədər bu 2 gigavat artıq mövcud və həyata
keçirilmiş layihələrlə dolub”.
“SOCAR Green” nümayəndəsinin sözlərinə görə, ikinci mərhələ
2028–2030/2032-ci illəri əhatə edəcək və bu, “yetkinlik mərhələsi”
adlanır:
“Bu mərhələdə Azərbaycan milli şəbəkəsi bərpa olunan enerji
mənbələrinin davranışını öyrənir və onların daha çox
inteqrasiyasına hazır olub-olmadığını təhlil edir. Hazırda “AzərEnerji” ASC və Çin şirkəti “China Energy” ilə birlikdə ikinci
mərhələdə hansı əlavə bərpa olunan enerji mənbələrinin inteqrasiya
oluna biləcəyini və bunun üçün hansı texniki yeniliklərin, o
cümlədən şəbəkədə hansı enerji saxlanma həcmində dəyişikliklərin
lazım olduğunu müəyyən edən bir araşdırma aparılır. Ümid edilir ki,
bu araşdırma ilin sonuna və ya gələn ilin əvvəlinə qədər
yekunlaşacaq və investorlar olaraq biz də ikinci mərhələ ilə bağlı
daha aydın təsəvvür əldə edəcəyik”.
E. Tarquliyevin sözlərinə görə, üçüncü mərhələ isə “ixrac
mərhələsi” adlanır:
“Azərbaycan, neft və təbii qaz ixracatçısı olduğu kimi, Avropaya
yaşıl enerji ixracatçısı olmağı hədəfləyir. Bu mərhələdə daha böyük
həcmli bərpa olunan enerji layihələri reallaşdırılacaq. Bəzi
layihələr birbaşa milli şəbəkəyə qoşulmayacaq, çünki Azərbaycanın
daxili enerji tələbi ixrac planları ilə müqayisədə kifayət qədər
azdır. Bu mərhələdə diqqət daha çox dəniz küləyi və ya gigavat
səviyyəli layihələr üzərində olacaq.
Məsələn, “Masdar” və ACWA Power” şirkətləri ilə 3,5 qiqavatlıq
dəniz küləyi layihələrinin həyata keçirilməsi üzrə anlaşma
memorandumu mövcuddur. Çin şirkətləri “Power China Resources” və “China Corporation” ilə də 2 gigavatlıq bərpa olunan enerji, yəni
dəniz küləyi layihələrinin tətbiqi üçün Energetika Nazirliyi ilə
memorandum imzalanıb.
Bu layihələrin əsas məqsədi “yaşıl enerji koridorları”
vasitəsilə Avropaya ixracdır. Bu koridorlar Mərkəzi Asiyanı Xəzər
dənizi üzərindən Azərbaycana və Azərbaycanı Qara dəniz üzərindən
Avropaya birləşdirir və beləliklə, Azərbaycan Avropaya bərpa olunan
enerji ixrac edən bir mərkəzə çevriləcək. Əlavə olaraq ixrac üçün
alternativ marşrutlar da nəzərdə tutulub ki, birində hər hansı
çətinlik yaranarsa, digər marşrutdan istifadə olunaraq ixrac davam
etdirilə bilsin. Bu alternativ marşrutlar arasında
Azərbaycan-Naxçıvan-Zəngəzur-Türkiyə-Bolqarıstan və
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan variantları var. Bütün bu
marşrutlar birlikdə “yaşıl enerji koridorları” adlanır”.