
Bakı. Trend:
“Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin
təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində
təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan
qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli
bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol
verilmir”.
Trend xəbər
verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Ali
Məhkəməsi konkret iş üzrə qəbul etdiyi qərarında əksini tapıb.
Ali Məhkəmə qeyd edib ki, cinayətin törədilməsində
təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə
borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin
11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların
Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə
Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası
nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə
də,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun
təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta
yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü
yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti
törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli
törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla
müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə
qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham
hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş
olsun.
Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan
təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi),
şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi
halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci
maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq
hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin
(şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin
tələblərindən isə görünür ki, cinayət törədilməsində
təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə
borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya
təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri
təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya
digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin
təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün
cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı
da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə
edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı
məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri
daşımamalıdır.
Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki,
faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş
şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli
sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin
ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan
bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini
CM-in bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli
sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da
(CPM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər. O
şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi
ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə
hüququnun pozulması ilə nəticələnməsin.

