
Bakı. Trend:
“SOCAR Green” şirkəti 240 Mvt gücündə innovativ layihə
çərçivəsində Səngəçal neft-qaz terminalının karbonsuzlaşdırılması
üçün 500 milyon kVt/saat-dan çox elektrik enerjisi ayırmağı
planlaşdırır.
Trend xəbər verir
ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə
eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı deyib.
“Biz faktiki olaraq enerjini şəbəkəyə veririk, sonra isə ölkənin
başqa bir bucağından Səngəçal neft-qaz terminalının
karbonsuzlaşdırılması üçün alırıq. Bu, 240 Mvt gücündə bir
layihədir və terminal üçün 500 milyondan çox kVt/saat enerji təmin
olunması nəzərdə tutulur ki, bu da onun dekarbonizasiyasına kömək
edəcək”, -deyə ekspert vurğulayıb.
O qeyd edib ki, “SOCAR Green” həmçinin əsasən biznes, o cümlədən
SOCAR üçün kiçik və orta ölçülü bərpa olunan enerji layihələri
üzərində işləyir ki, bu da şirkətlərə emissiyaları və elektrik
enerjisi xərclərini azaltmağa imkan verir. Eyni zamanda elektrik
enerjisi ölkə tariflərindən bir qədər aşağı qiymətə satılır. Əsas
diqqət günəş və külək energetikasına yönəldilsə də, şirkət
geotermal enerji və bioqaz potensialını da araşdırır və resursların
qiymətləndirilməsi mərhələsindədir.