
Bakı. Trend:
Dövlət başçıları Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın
möhkəm təməlini atıb və bunu müttəfiq münasibətlər səviyyəsinə
çatdırıblar.
Trend xəbər verir
ki, bunu Özbəkistan Respublikasının Prezident Administrasiyasının
Kommunikasiyalar departamentinin sektor müdiri Dilşod Saicanov
“Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II
Azərbaycan –Özbəkistan Media Forumunda çıxışında deyib.
“Bugünkü vəzifəmiz bu əməkdaşlığı yeni məzmunla doldurmaq və öz
əvəzolunmaz töhfəmizi verməkdir”, – deyə o qeyd edib.
Dilşod Saicanov əlavə edib ki, qarşılıqlı fəaliyyət illəri
ərzində ölkələr bir-birini daha yaxşı tanıyıb, lakin əməkdaşlıq
hələ ən yüksək həddinə çatmayıb.
“Azərbaycanın mürəkkəb şəraitdə əldə etdiyi təcrübəsi unikaldır.
Siz formalaşdıra bildiyiniz praktik bacarıqlar və media mühiti
bizim üçün çox dəyərlidir. Buna görə də Azərbaycan Media İnkişaf
Agentliyi və digər həmkarlarla əməkdaşlığın daha da
dərinləşdirilməsini vacib hesab edirik”, – deyə Saicanov
vurğulayıb.
O, əməkdaşlığın konkret istiqamətlərini təklif edib: iki ölkənin
KİV-ləri arasında müxtəlif janrda, rəqabətədavamlı və tələb olunan
kontentin yaradılması üzrə təcrübə mübadiləsinin gücləndirilməsi,
media sahəsində birgə tədqiqatların hazırlanması və kadr hazırlığı
proqramlarının işlənib hazırlanması. “Peşəkar jurnalistlər və
ekspertlər olmadan heç bir texnologiya tam gücü ilə işləyə bilməz.
Azərbaycanın universitetlər və tənzimləyici qurumlarda dəyərli
təcrübəsi var”, – deyə ekspert bildirib.
Prioritet istiqamətlər arasında o, ümumi tarixi və mədəni
dəyərlərə həsr olunmuş, həmçinin görkəmli şəxsləri əks etdirən
birgə serialların, sənədli filmlərin və multimediya layihələrinin
yaradılmasını qeyd edib.
D.Saicanov bildirib ki, cəmiyyətin media maarifləndirmənin
inkişafına dair tədris proqramlarının mübadiləsi həm Azərbaycan,
həm də Özbəkistan üçün aktualdır. Akademik və tənzimləyici
strukturlar bu istiqamətdə kontent yaradılması praktikasını
formalaşdırmaq üçün səylərini birləşdirə bilərlər.