
Bakı. Trend:
Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivalların
məkanına çevrilən Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı
təşkil olunacaq.
Trend xəbər
verir ki, oktyabrın 4-ü və 5-də Şamaxının Meysəri kəndində
Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Barbekü Festivalı
keçiriləcək.
Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları
Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi
Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunur.
Festivalda Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti
Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının
baş hakimi Kristofer Sandford (Chirstopher Sandford),
Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə
Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas
Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış
şef-aşpazlar – bir çox ölkələrin kulinariya assosiasiyalarının
prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar,
kulinariya hakimləri iştirak edəcək.
Möhtəşəm barbekü nümayişlərinin təqdim olunacağı bu beynəlxalq
tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də
Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini
dünyaya tanıtmaqdır.
Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın
müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər müxtəlif ləzzətləri
və bişirmə üsullarını nümayiş etdirəcək, kulinariya məharətlərini
bölüşəcəklər.
Tədbirin ən parlaq hissələrindən biri isə jurnalist və bloqerlər
arasında keçiriləcək yarış olacaq. Yarışın sonunda dad, bişirmə
dərəcəsi və təqdimat formasında fərqlənən komandalar sertifikatlar,
medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda
mübarizə aparacaqlar.
Festvalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsi ilə
qeydiyyatdan keçə bilər.