
Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar
çərçivəsində proseslərin optimallaşdırılması və
rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz
əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt
dəstəkli yeni əmlak qiymətləndirmə
xidməti istifadəyə verilib.
Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən
bildirilib.
Qeyd olunub ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı
zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün
nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı
istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi,
yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın
təxmini bazar qiymətini hesablaya biləcəklər.
Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem
qiymətləndirmə aparır və daim yenilənən real bazar qiymətlərinə
yaxın nəticə hesablayır. Bu isə vətəndaşlara və notariuslara vaxt
itirmədən daşınmaz əmlakın cari vəziyyətinə uyğun ehtimal olunan
qiymət ilə tanış olmağa şərait yaradır.
İstifadə olunan məlumatlar ilk növbədə Elektron Notariat
İnformasiya Sisteminə əsaslanır və əvvəlki illərdə həyata
keçirilmiş əmlak alqı-satqısı əməliyyatlarını əhatə edir. Həmçinin
gündəlik yenilənən bazar qiymətləri nəzərə alınmaqla, daşınmaz
əmlak alqı-satqısı bazarından və açıq mənbələrdə dərc olunan
elanlardan əldə edilmiş məlumatlar emal olunaraq süni intellekt
modelləri vasitəsilə nəticələrə inteqrasiya edilir. Sonda
istifadəçiyə əmlakın ehtimal olunan qiyməti barədə məlumat
verilir.
Xidmətdən yararlanmaq üçün www.notariat.az
ünvanına daxil olaraq “Əmlak qiymətləndirilməsi” səhifəsinə keçid
etmək kifayətdir.
Yeni xidmətin istifadəyə verilməsi daşınmaz əmlak bazarında
şəffaflığın artırılmasına, əmlak alqı-satqısı proseslərinin daha
əlçatan və rahat şəkildə həyata keçirilməsinə, həmçinin müasir
rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə ölkədə innovativ
həllərin inkişafına mühüm töhfə verəcək.