
Bakı. Trend:
Tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik
davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası
təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına
çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu
zəruri edir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc parlamentin 2025-ci il payız sessiyasının ilk plenar
iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, xiyabanların hüquqi statusunun
müəyyənləşməsi, milli Qəhrəmanların dəfn olunduğu məkanlar,
abidələr və memorial kompleksləri, “milli yaddaş məkanı” statusu
daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində
qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar.
“Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış
qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və
protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini
əhatə edə bilər.
Təəssüflər ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını
da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən,
hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini
istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə
alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik
məsələsidir.
Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi
qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək
üçün tam zəruridir.
“Şəhidlər xiyabanlar haqqında” qanun olsaydı, xalqın ruhən
birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi
günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın
canlı saxlamağa da kömək edərdi”, – deyə komitə sədri qeyd
edib.