
Bakı. Trend:
Geotermal enerji sahəsində isə SLB şirkəti ilə potensialı
araşdırdıq və indi təcrübəli tərəfdaş axtarırıq.
Trend xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR)
vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı bildirib.
O enerji keçidi üzrə SOCAR tərəfindən görülən işlərlə bağlı qeyd
edib ki, 2035-ci ilə qədər şirkətin balanslı portfeli olacaq,
yüksək karbonlu enerji layihələri ilə yanaşı aşağı karbonlu
layihələr də həyata keçiriləcək: “Biz həm də regional və qlobal
tərəfdaşlarla əməkdaşlıq edərək daxili biliklərimizi sürətlə
inkişaf etdirdik.
SOCAR olaraq üç mərhələli yanaşmanı seçdik: öyrənmə, inkişaf və
istismar mərhələləri. “Light Source” və bp ilə birlikdə 240 meqavat
layihələr həyata keçiririk və Səngəçal terminalını
elektrikləşdiririk. “Masdar” və digər tərəfdaşlarla isə üç yeni
layihəyə başladıq.
Geotermal enerji sahəsində isə SLB şirkəti ilə potensialı
araşdırdıq və indi təcrübəli tərəfdaş axtarırıq”.
“Demək olar ki, üç il ərzində böyük nailiyyətlər əldə etdik,
amma bütün bunlar əməkdaşlıq sayəsində mümkün oldu. Əməkdaşlıq
bilik mübadiləsini təmin edir və dekarbonizasiya səylərini
sürətləndirir”, – deyə Ə. İsayev vurğulayıb.