
Bakı. Trend:
Azərbaycan-Özbəkistan Media Forumu yeni ideyalar və təşəbbüslər
üçün platformaya çevriləcək – o ideyalar ki, Azərbaycan və
Özbəkistan arasında əməkdaşlığa yeni nəfəs verəcək və qlobal media
sferasına töhfə olacaq.
Trend xəbər verir
ki, bunu Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar
Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nazimə
Muratova II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı
söyləyib.
Onun sözlərinə görə, yeni texnologiyalar və platformalar
xəbərlərə baxışımızı, ictimai məsələlərin müzakirəsini və dünyanın
qavranılmasını dəyişib. Bu şəraitdə jurnalistika artıq təkcə
transformasiya vasitəsi deyil – bugün o, həm də etimad,
dayanıqlılıq və sosial inkişafın əsasını təşkil edir.
“Məhz bu səbəbdən, media təhsili strateji prioritetə çevrilir.
XXI əsrdə media savadı artıq lüks və ya əlavə bacarıq sayılmır, hər
bir vətəndaşın təməl səviyyədə bilməli olduğu bir zərurətdir. Lakin
gələcək jurnalistlər üçün bu kifayət etmir. Onlar rəqəmsal alətləri
mənimsəməli, böyük məlumatları təhlil etməyi və daimi informasiya
“səs-küyü” şəraitində faktları yoxlamağı öyrənməli – eyni zamanda
etik prinsiplərə və humanist dəyərlərə sadiq qalmalıdırlar”, – deyə
Muratova vurğulayıb.