
Bakı. Trend:
“Masdar” Azərbaycanda dayanıqlı aviasiya yanacağı istehsalı üzrə
Birləşmiş Ərəb Əmirlikləri təcrübəsini tətbiq etməyi
planlaşdırır.
Trend xəbər verir
ki, bunu “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Murad Sadıqov Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi
(BCAW2025) zamanı çıxış edərkən bildirib.
Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı yalnız
ixraca yönəlmiş layihələrlə məhdudlaşmır, həm də ölkənin enerji
sisteminin dayanıqlığını və etibarlılığını artırmaq məqsədi
daşıyır.
Onun sözlərinə görə, əsas məqsəd yalnız enerji şəbəkəsindəki
çatışmazlıqları aradan qaldırmaq deyil, eyni zamanda daha dayanıqlı
və etibarlı sistem yaratmaqdır.
“Qeyri-sabit enerji heç bir dəyər daşımır, sabit enerji isə hər
şey deməkdir”, – deyə o vurğulayıb.
Murad Sadıqov enerji yığma sistemlərinin tətbiqinin,
balanslaşdırma proseslərinin və müxtəlif bərpa olunan enerji
mənbələri kombinasiyasının əhəmiyyətini qeyd edib və dəniz külək
enerjisi və “yaşıl hidrogen” sahəsində aparılan tədqiqatların
rolunu vurğulayıb. Onun sözlərinə görə, “Masdar” “yaşıl hidrogen”
istehsalına aktiv şəkildə sərmaye qoyur və BƏƏ-də davamlı aviasiya
yanacağı istehsalı üzrə pilot layihəni artıq həyata keçirir. Şirkət
bu təcrübəni Azərbaycanda da tətbiq etməyi planlaşdırır.
O həmçinin xatırladıb ki, Azərbaycan hökuməti enerji şəbəkəsinin
modernləşdirilməsinə investisiya yatırır və yaxınlarda enerji axını
və tezlikləri idarə etmək üçün iki ən iri enerji yığma sisteminin
inşası barədə elan edib, bu da şəbəkənin dayanıqlığını və
etibarlılığını artıracaq.
Murad Sadıqovun fikrincə, Azərbaycanın ambisiyaları “yaşıl
enerji”nin Avropaya ixrac olunması ilə məhdudlaşmır.
“Biz həmçinin Mərkəzi Asiya ilə razılaşmaların imzalanmasına
şahid olduq. Bu, bütün regionda stabilliyi təmin edəcək böyük
enerji şəbəkəsinin formalaşmasına doğru atılmış bir addımdır.
Azərbaycan enerji habının ürəyinə çevrilir və bu, yalnız Qafqaz
üçün deyil, bütün Avrasiya üçün enerji keçidində həlledici rol
oynayacaq”, – deyə o bildirib.