
Bakı. Trend:
İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların əhatə
dairəsi genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü iclasında
müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının
vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və
BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan
Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab
edilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları,
Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin
Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı
nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə
həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və
ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli
cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna
olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
sığortaolunan hesab ediləcək.
Həmçinin, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən
şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən
şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin
olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi
sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi aşağıdakılar
nəzərə alınmaqla həyata keçiriləcək.
Belə ki, xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə
müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə
tətbiqi tibbi xidmətin müştərək maliyyələşmə məbləği və onun tətbiq
olunduğu hal hesab ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.