
Bakı. Trend:
Braziliya Azərbaycanla gələn ildən bərpa olunan enerji sahəsində
əməkdaşlığa başlayacaq.
Bunu Braziliya Federativ Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro
Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) Trend-ə açıqlamasında
bildirib.
O vurğulayıb ki, Braziliya və Azərbaycan “yaşıl iqtisadiyyat”a
keçid istiqamətində eyni mövqedədirlər: “Braziliyada son 10 ildə
bərpa olunan enerji mənbələrinin payı bizim artıq təmiz enerji
istehsalı balansımızda 2%-dən 24%-ə yüksəlib. Beləliklə, Braziliya
2030-cu il üçün müəyyən etdiyi hədəfi də geridə qoyub və hazırda
elektrik enerjisi istehsalında 94%-dən çox təmiz enerji payına
sahibdir. Bu, bizim təcrübəmizdir.
Azərbaycan isə 40%-lik hədəf qoyub və bu istiqamətdə birlikdə
işləyə bilərik. Dünən ticarət və investisiya üzrə Birgə İşçi
Qrupunun ilk iclası keçirildi və enerji də müzakirə olunan
mövzulardan biri idi. Mən inanıram ki, gələn ildən biz bərpa olunan
enerji sahəsində əməkdaşlığa başlayacağıq”.
 
Səfir həmçinin qeyd edib ki, Braziliya hidroenerji və bioyanacaq
sahəsində təcrübəsini Azərbaycana və dünyaya təqdim etməyə
hazırdır: “Bioyanacaq bizim güclü tərəfimizdir və biz hesab edirik
ki, bioyanacaq gələcəyin yoludur. Çünki bu, yeganə qapalı
dövriyyəli enerji mənbəyidir. Məsələn, elektrik avtomobili istehsal
olunan elektrik enerjisindən asılıdır. Əgər bu enerji kömürdən əldə
olunursa, həmin avtomobil də təmiz sayılmır”.
Səfir Azərbaycan iqtisadiyyatının digər sahələrində mümkün
əməkdaşlıq imkanlarından da bəhs edib: “Bunun üçün bir-birimizi
daha yaxşı tanımalı, müxtəlif səviyyələrdə dialoqlar qurmalıyıq.
Neft və qaz əsas sahələrdən biridir, xüsusilə texnologiya transferi
baxımından. Bundan əlavə, kənd təsərrüfatı böyük prioritetdir.
Çünki Braziliyada bu sahədə həm ucuz, həm də daha insan yönümlü
texnologiyalar mövcuddur. Aqrar sahədə ötən il Azərbaycanın kənd
təsərrüfatı nazirliyi ilə Anlaşma Memorandumu imzaladıq. İndi isə
bu memorandumua uyğun olaraq Birgə İşçi Qrupu ilə birlikdə müvafiq
tədbirlərin həyata keçirilməsinə başlanılacaq”.
Səfir Azərbaycanın azad olunmuş ərazilərində mümkün əməkdaşlıq
imkanlarına gəlincə bunları qeyd edib: “Mən həmin ərazilərdə
olmuşam. Biz bu yerləri Azərbaycanın ayrılmaz hissəsi hesab edirik.
Ona görə də ayrıca deyil, ümumi ölkə çərçivəsində görülən işlərin
tərkib hissəsi kimi baxırıq”.


 
						 
						