
Bakı. Trend:
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə
sahibkarlarla görüş keçirilib.
Trend xəbər
verir ki, tədbirdə sahibkarlar maliyyə resurslarına çıxış, bu
sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə
məlumatlandırılıb.
Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsi
çərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş
keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə
keçirilən tədbirdə qida, kənd təsərrüfatı, turizm, İKT, tikinti və
s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak
edib.
Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına
çıxış imkanları və mövcud olan dövlət dəstəyi mexanizmləri barədə
məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları
arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil
olunmuş tədbirə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar da
qatılıblar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Marsol Group”un
təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış
ediblər. Çıxışlarda sahibkarlara göstərilən dəstək və xidmətlər, o
cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin
maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ
maliyyələşdirmə alətləri, bizneslər arasında əməkdaşlıq imkanları,
sahibkarlıq fəaliyyəti üçün bölgənin iqtisadi potensialı barədə
məlumat verilib.
Qeyd olunub ki, Şəki kənd təsərrüfatı, sənaye və turizm
sahələrində güclü potensiala malikdir. İpəkçilik, üzümçülük və
meyvəçilik ənənələri bu gün müasir aqrar texnologiyalar və emal
sənayesinin inkişafı ilə güclənir. Rayonun mədəni irsi onu aparıcı
turizm məkanına çevirib. İnfrastruktur layihələri və sahibkarlığa
dəstək tədbirləri Şəkini investorlar üçün cəlbedici edir. Dövlət
dəstəyi və sahibkarlığın inkişafı nəticəsində rayonda yeni
təsərrüfatların qurulması məşğulluq səviyyəsini artırır.
Çıxışçılar tərəfindən həmçinin, yerli sahibkarların Bakıdan olan
iş adamları ilə əməkdaşlığının genişləndirməsinə, yerli bazarların
ehtiyaclarını və tələblərini dərindən araşdırmalarına, rəqəmsal
iqtisadiyyatın imkanlardan maksimum istifadə etmələrinə, dövlətin
təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlılığa və bu
imkanlardan istifadəyə dair tövsiyələr verilib.
Tədbir çərçivəsində sahibkarların maliyyə resurslarına çıxışı,
lisenziyalar, gübrə idxalı, beynəlxalq yükdaşımalar, regionda
fəaliyyət göstərən tədris müəssisəsinin inkişafına dəstək, vergi
inzibatçılığı və s. istiqamətlər üzrə müraciətləri və təklifləri
dinlənilib, qanunvericiliyin tələbləri və mövcud dəstək alətləri
barədə izahat verilib, sualları cavablandırılıb.