Son aylarda beynəlxalq mediada Azərbaycana qarşı qərəzli və təxribat xarakterli yazıların sayı artmaqdadır. Avropa və ABŞ mediasında yayımlanan materiallarda Azərbaycan dövləti və ölkə rəhbərliyi əsassız şəkildə hədəfə alınır. Polşa, Fransa və Almaniyada çıxan bəzi nəşrlərdə Azərbaycanın post-müharibə dövründə atdığı addımlar qərəzli şəkildə hədəfə alınır.
Bu proses yalnız Qərblə məhdudlaşmır. Rusiyanın müəyyən media qurumlarında da Azərbaycan haqqında neqativ və manipulyativ materiallar tirajlanır. Bu yazılarda, xüsusən də Qarabağdan sonra regiondakı balansın dəyişməsi fonunda Azərbaycanın güclənməsi “təhdid” kimi təqdim edilir.
Türkiyə mediasında isə vəziyyət daha da diqqətçəkicidir. Xüsusilə Azərbaycan-İsrail əlaqələri mövzusu üzərindən dezinformasiya kampaniyası aparılır. “Yeni Akit” və digər bəzi qəzetlərdə yayılan yazılarda Azərbaycan sanki İsrailin müharibələrinə dəstək verən tərəf kimi göstərilir.
Sosial mediada isə bu yalanları gücləndirən paylaşımlar edilir. Hətta BMT-nin 80-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin guya İsrail baş naziri Netanyahunu alqışladığını “sübut edən” saxta fotolar dövriyyəyə buraxılıb. Halbuki sonradan bunun yalan olduğu üzə çıxıb.
Azərbaycanı hədəfə alanların məqsədi bəllidir, onlar ölkəmizi beynəlxalq müstəvidə gözdən salmaq istəyirlər. Amma Azərbaycan ictimaiyyətini narahat edən başqa məsələ var.
Təəssüf ki, bu yazılara qarşı həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizin reaksiyası çox zəifdir. Azərbaycanla bağlı əsassız, hətta təhqiramiz ittihamlar yayıldıqda çox vaxt səfirliklərimizin səsi eşidilmir. Sanki onların vəzifəsi yalnız tədbirlərdə iştirak etmək, protokol şəkilləri paylaşmaqdır. Bu susqunluq Azərbaycanın haqq işini kölgədə qoyur, düşmənlərin uydurduğu yalanların isə daha geniş yayılmasına şərait yaradır.
Reaksiyalar çox zaman fərdi xarakter daşıyır və sistemli yanaşma müşahidə olunmur. Yaxın günlərdə Azərbaycanın Polşadakı səfirliyinin müşavirinin “New Eastern Europe” jurnalında dərc edilən birtərəfli məqaləyə cavabı müsbət addım kimi qiymətləndirilsə də, ümumi mənzərə diplomatik fəallığın kifayət qədər olmadığını göstərir.
Qərb ölkələrindəki, Türkiyə və Rusiyadakı səfirliklərimizin bu saxta kampaniyaların qarşısının alınması üçün hansı işlər gördüyü məlum deyil. Halbuki onlar jurnalistləri toplayaraq brifinqlər keçirə, məqalələrlə çıxış edib ictimai rəy formalaşdıra bilərlər.
Elə bir təsəvvür yaranır ki, bəzi diplomatlarımız özlərini heç kimlə qarşıdurmaya girmək istəməyən neytral müşahidəçi kimi aparırlar. Halbuki ölkəmizin ünvanına atılan böhtan və yalanların cavabsız qalması ictimai rəydə yanlış təsəvvür formalaşdırır. Azərbaycan Prezidenti beynəlxalq platformalarda ölkəmizin maraqlarını müdafiə etmək üçün kifayət qədər prinsipial mövqe sərgiləyir, lakin diplomatik korpusun eyni fəallığı göstərməməsi diqqətçəkən ziddiyyət yaradır. Vətən müharibəsi zamanı informasiya müharibəsində dövlət başçısının çıxışları ilə yanaşı, bütün diplomatik şəbəkə koordinasiyalı fəaliyyət göstərirdi, indi isə bu istiqamərin zəiflədiyi müşahidə edilir.
Qərb mediasında Azərbaycan haqqında yazılan hər birtərəfli yazıya cavab verilməsə də, ən azından əsas ölkələrdəki səfirliklərimizdən prinsipial açıqlamalar eşidilməlidir. Çünki Azərbaycan mediasında hansısa ölkə haqqında adi bir neqativ xəbər dərc olunanda həmin ölkələrin səfirləri dərhal etiraz edir, açıqlama verir, hətta redaksiyalarla əlaqə qururlar. Bizim diplomatlarımız isə çox vaxt yazılanları sadəcə izləməklə kifayətlənirlər. Bu isə milli maraqların müdafiəsində boşluq yaradır.
Xarici İşlər Nazirliyi (XİN) də məsələyə sistemli yanaşmalı, səfirliklərə konkret təlimatlar verməlidir. Diplomatik nümayəndəliklərin vəzifəsi yalnız protokol tədbirlərində iştirak və ya iqtisadi əlaqələrin təşviqi ilə məhdudlaşmamalıdır. Onlar milli maraqların beynəlxalq müstəvidə qorunması üçün fəal şəkildə informasiya işini aparmalı, Azərbaycanın haqq səsini çatdırmalı, dezinformasiyalara dərhal reaksiya verməlidirlər.
Diplomatlarımıza bu istiqamətdə hansı tapşırığın verildiyini öyrənmək üçün XİN-lə əlaqə saxlasaq da, təəssüf ki, sualımıza cavab ala bilmədik.
Bir neçə Azərbaycan diplomatının Azərbaycana qarşı təxribatlara reaksiyası təqdirəlayiq nümunədir. Lakin belə addımlar istisna yox, qayda olmalıdır. Əks halda, ölkəmizlə bağlı saxta təsəvvürlər beynəlxalq aləmdə möhkəmlənəcək. Milli maraqların müdafiəsi yalnız Prezidentin çıxışları ilə yox, həm də hər bir səfirin, hər bir diplomatik nümayəndəliyin gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
Elnur Əmirov