
Bakı. Trend:
Azərbaycanda gələn ilin sonuna peşə və kvalifikasiya
standartlarının 1800-ə çatdırılması nəzərdə tutulur.
Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı
zamanı bildirib.
Nazir ölkədə son illər ərzində əmək bazarında məşğulluq
tədbirlərinin genişləndirilməsi istiqamətində bir çox proqramların
uğurla icra edildiyini diqqətə çatdırıb:
“Təkcə ötən il ərzində 407 min şəxs məşğulluq tədbirlərinə cəlb
edilib. Həyata keçirilən məşğulluq tədbirləri çərçivəsində 160 min
nəfər işlə təmin olunub, 17 min nəfər özünüməşğulluq proqramına, 16
min nəfər peşə hazırlığına, 204 min nəfər isə peşəyönümü məsləhət
xidmətlərinə cəlb edilib. 10 min nəfər isə işsizlikdən sığorta
ödənişi ilə təmin edilib”.
“Həmçinin 1400-ə yaxın peşə və kvalifikasiya standartı
hazırlanıb. Növbəti ilin sonuna kimi bu standartların sayının
1800-ə çatdırılması nəzərdə tutulur”, – deyə nazir əlavə edib.

