
Bakı. Trend:
Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərc
edilib. Sözügedən hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən
dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün
görülən ciddi tədbirləri ön plana çıxarır. Azərbaycanın COP29
Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuş
icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə
inteqrasiya olunmuş və gələcək ev sahibləri üçün yeni standartlar
müəyyən edilmişdir.
Trend xəbər
verir ki, bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıq
öhdəliyi təşkil edir:
1. Xalis sıfıra nail olmaq – Tədbir 100% bərpa
olunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiya
olunub. Bununla da, COP29 tədbiri Azərbaycanda xalis sıfıra nail
olan ilk iqlim konfransına çevrilib.
2. Dayanıqlı mobillik – 160 elektrikli
nəqliyyat vasitəsi sayəsində aşağı emissiyalı nəqliyyat
sistemi tətbiq olunub və 70,000-dən çox nümayəndə
üçün rahat və ekoloji cəhətdən təmiz mobillik imkanı yaradılıb.
3. Dövri tullantıların idarə edilməsi –
“Sıfır poliqon” siyasəti həyata keçirilib və
tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də genişmiqyaslı
kompostlaşdırılması tətbiq olunub.
4. “Yaşıl” satınalmalar – Bütün strateji
təchizatçılar üçün ekosertifikat tələbi qoyulub və
qida məhsullarının 95%-i yerli mənbələrdən təmin edilib. Bunun
sayəsində isə daşınma ilə bağlı emissiyaların həcmi azaldılıb.
5. İnklüziv və əlçatan COP – Surdotərcümə
xidmətləri və maneəsiz infrastruktur da daxil olmaqla, kompleks
funksional əlçatanlıq imkanları təmin edilib.
6. “Yerli” potensialın artırılması –
3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsi
dayanıqlılıq üzrə təlim keçib və uzunmüddətli bacarıq irsi
yaradılıb.
7. Şəffaflıq və irs – COP29
Dayanıqlılıq Hesabatı dərc olunub, bütün nailiyyətlər
sənədləşdirilib və gələcək sədr ölkələr üçün nümunəvi yol xəritəsi
hazırlanıb.
Həmçinin, COP29 tədbirlərin dayanıqlı idarə edilməsi üzrə
ISO 20121:2024 sertifikatını əldə etmiş və
hətta bu miqyasda bir tədbirin ən yaxşı beynəlxalq
təcrübələrə tam uyğun şəkildə təşkil oluna biləcəyini sübuta
yetirmişdir.
“COP29 ilə bağlı məramımız aydın idi:
dayanıqlılığı şüardan fəaliyyətə çevirmək,”
– deyə COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoru
Nərmin Carçalova bildirib. – “Biz tədbir
məkanlarının bərpa olunan enerji ilə işləməsindən
tutmuş tullantıların poliqona yönləndirilməsinin
qarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yol
xəritəsinin yaradılmasına qədər bütün
əməliyyatlar çərçivəsində sübut etdik ki, qlobal
iqlim konfransları bəyan edilən vədləri həyata keçirmək
iqtidarındadır. Bu irs təkcə Azərbaycana
deyil, bütün beynəlxalq iqlim ictimaiyyətinə
məxsusdur.”
İnnovasiya, inklüzivlik və operativ mükəmməlliyi inteqrasiya
etməklə, COP29 qlobal tədbiri dayanıqlı bir şəkildə idarə etməyə
müvəffəq olmuş və bütün dünyada daha güclü iqlim fəaliyyətinə
stimul vermişdir.
Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübənin
icmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatı
rəsmi COP29
vebsaytında dərc olunub.

