
Gənclərin iqlim danışıqlarının iştirakçısı kimi prosesə cəlb olunması bizim üçün çox önəmlidir.
Bunu APA-ya Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev deyib.
“Biz çalışacağıq ki, Azərbaycan gəncləri yaşıl keçid dövründə inkişaf etmək üçün lazım olan bacarıq və imkanlara sahib olsun”, – Muxtar Babayev bildirib.
Muxtar Babayev Braziliyanın COP30-a Prezidentliyini və Gənclər üzrə İqlim Səfirini dəstəkləyəcəklərini, habelə gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmaqda davam etmələri üçün çalışacaqlarını qeyd edib: “Braziliyaya hazırlıq gedir, suallar çoxdur. Bizim COP29-da qəbul olunmuş çoxlu qərarların icrasına aydınlıq gətirmək lazımdır. Həm də COP29-dan öncəki COP-larda da çoxlu qərarlar qəbul olunub. Onların icrası çox vacibdir”.
Bakıda qəbul olunmuş qərarların tam icrasında maraqlı olduqlarını bildirən Muxtar Babayev COP30-da baş tutacaq müzakirələrin bu prosesə impuls verəcəyini vurğulayıb: “Onlarla çox yaxşı bir əlaqədəyik, bir komanda kimi çalışırıq. Əlbəttə ki, orada qazanılan uğuru öz uğurumuz kimi qəbul edəcəyik”.
Donorların, beynəlxalq təşkilatların öz üzərilərinə götürdükləri öhdəlikləri icra etmələri üçün çağırışlar etmək, onlardan hesabat istəməyin onların mandatları çərçivəsində olduğunu qeyd edən COP29 Prezidenti bu işin uzun müddətli olduğunu əlavə edib: “Bu, bir günlük proses deyil, uzun müddətli prosesdir və biz bütün il boyu bu məsələləri ölkələrin, bankların, özəl sektorun qarşısında qaldırırıq və bu işimizə davam edəcəyik”.