
Bakı. Trend:
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun
müddəalarına uyğun olaraq, köhnəlmiş və istismara yararsız
nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.
Trend xəbər verir ki, ötən
ilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşların
böyük maraq göstərməsinin nəticəsində cəmi 11 ay ərzində 10 mindən
çox nəqliyyat vasitəsi utilizatorlara təhvil verilib. Utilizasiyaya
verilən 10.000-ci nəqliyyat vasitəsinin sahibi Elşən Hümbətov olub
və nəqliyyat vasitəsinin təsdiqedici sənədi ona təqdim edilib.
Bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin
təsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsal
yeni nəqliyyat vasitəsini güzəştlə əldə etmiş. Eyni zamanda 803 min
manatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabına
ödənilmişdir.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat
vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha
sonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək,
ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi
utilizatora təhvil verilməlidir.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim
olunması könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter
daşımır. Hazırda “Təmiz Şəhər” ASC tərəfindən reyestrdə qeydə
alınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərində
fəaliyyət göstərir.