“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc
Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera
Mərkəzinin tərəfdaşlığı ilə icra olunan və dövlət tərəfindən
yaradılan imkanları region gəncləri üçün daha əlçatan edən “Səyyar
Gənclər Xidməti” layihəsi respublikanın müxtəlif regionlarında
mərhələli şəkildə həyata keçirilməyə davam edir. Zaqatalada 29
sentyabr – 3 oktyabr tarixlərində xidmət göstərəcək layihə
“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq “Suveren
dövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Növbəti
günlərdə Səyyar Gənclər Xidməti Zaqatala gənclərinin liderlik
potensialının artırılmasına, şəxsi və peşəyönümlü inkişafına,
həmçinin milli və vətənpərvərlik ruhlarında tərbiyə olunmasına öz
töhfəsini verəcək.

Layihənin Zaqataladakı açılış mərasimi Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın
müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz
xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Rəsmi
hissədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Tofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala
filialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimai
Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region
gənclərinin inkişafında və dövlət dəstək mexanizmlərinin
əlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynadığını
vurğulayıblar. Həmçinin çıxışlarda ölkə gəncliyinin dövlət
quruculuğu, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin
inkişafı proseslərində artan iştirakçılığından da bəhs edilib.

Xidmət çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Zaqatala Peşə
Məktəbinin nümayəndələrinin iştirakı ilə gənclər üçün müxtəlif
maarifləndirici sessiyalar təşkil olunub. Eyni zamanda, gənclər
üçün peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süni
intellektin tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiya
mövzularında interaktiv təlim proqramları həyata keçirilib. Xüsusi
qeyd edilməlidir ki, Vətən Müharibəsi iştirakçıları ilə keçirilən
görüşlər zamanı gənclər qəhrəmanların döyüş yollarını öz
dillərindən dinləyərək onların fədakarlığını daha yaxından tanımaq,
dövlətə və torpağa sədaqət anlayışlarını daha dərindən anlamaq
imkanı əldə ediblər.




Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı
gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və
karyera” və “Əyləncə” tematik guşələri gənclərə öz bacarıqlarını
nümayiş etdirmək, sosial və yaradıcı potensiallarını inkişaf
etdirmək üçün geniş imkanlar təqdim edib. Bu guşələrdə keçirilən
intellektual müsabiqələr, viktorinalar və master-klasslar
iştirakçıların fəallığını artırmaqla yanaşı, onların komanda işi,
ünsiyyət və problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinə
xidmət göstərib. Tədbirin yekununda xüsusi fəallıq nümayiş etdirən
gənclərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək davam etməsi
planlaşdırılan layihə bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy,
Göygöl, Daşkəsən, Gədəbəy və Qax rayonlarında baş tutub. Qeyd edək
ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi
ilə bağlı tədbirlər planına uyğun olaraq reallaşdırılır. Layihə
gənclər arasında dövlət müstəqilliyi və suverenlik kimi fundamental
prinsiplərin dərindən aşılanmasına, 44 günlük Vətən Müharibəsində
qazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə dolğun şəkildə
çatdırılmasına, eyni zamanda gənclər siyasəti ilə bağlı
maarifləndirmə işinin təşviqinə xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir