Xəbər verdiyimiz kimi, III MDB Oyunlarının açılışı Azərbaycanın Gəncə şəhərində keçirilib. Yarışlar həmçinin ölkəmizin digər 6 şəhərində – Mingəçevirdə, Qəbələdə, Şəkidə, Göygöldə, Yevlaxda və Xankəndidə də davam edəcək. Bəs beynəlxalq səviyyəli bu oyunların paytaxtdan kənarda, xüsusilə Gəncədə keçirilməsinin hansı əhəmiyyəti var?
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın idman ölkəsi kimi nüfuzu möhkəmlənir:
“Artıq ölkəmiz növbəti regionalidman tədbiri – III MDB Oyunlarına ev sahibliyi edir. Ötən gün Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yüksək səviyyəli açılış mərasimi baş tutdu. Cənab Prezident və birinci xanım Mehriban Əliyeva rəsmi açılış mərasimində iştirak edirdi. Gəncə həqiqətən də çox gözəl performans sərgilədi. Budəfəki açılış mərasimində də əsrarəngiz şou ilə yanaşı ideoloji baxımdan vacib mesajlar verildi. Azərbaycanın böyük qələbəsi başda olmaqla, xalqımızın zəngin mədəniyyəti, dəyərləri də ustalıqla təbliğ olundu. Bu açılış həm də ölkəmizin idman platformasından təqdimatı idi”.
Deputat qeyd edib ki, son vaxtlar ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət paytaxtla yanaşı, regionların da sürətli inkişafına təkan verməkdədir:
“Bir çox beynəlxalq və regional miqyaslı idman tədbirləri bölgələrimizdə keçirilir. Bu, regionlarda beynəlxalq standartlara uyğun idman infrastrukturunun olduğunu bir daha təsdiqləyir. MDB Oyunları çərçivəsində yarışlar isə Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirilir ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da Qarabağ bölgəsi başda olmaqla müxtəlif regionlarda inşası nəzərdə tutulur. Bu dahəm kütləvi idmanın inkişafına, həm də beynəlxalq arenada uğurlar qazanmaq üçün zəmin yaradır”.
Millət vəkili Müşfiq Cəfərov isə öz açıqlamasında bildirib ki, bu günə kimi ölkəmizdə istər humanitar sahədə, istər idman sahəsində onlarca keçirilən mötəbər tədbirlərə ev sahibliyi etmək təcrübəsi mövcuddur:
“III MDB Oyunları xüsusilə gənclərə müsbət təsiredir. On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin,Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir. Bu oyunlar təkcə yarışma deyil, əməkdaşlıq, gələcək dostluqlar, münasibətlərin formalaşması baxımından böyük əhəmiyyəti var. İstər bilik, istərsə də idman cəhətdən gənclərin öz üzərilərində daha çox çalışmalarına, sağlam ruhda yetişmələrinə də təsirini göstərəcəkdir. Düşünürəm ki, ölkəmizin tez-tez beynəlxalq yarışlara ev sahibliyi etməsi gənclərin fiziki baxımdan güclü olmalarına, həvəskar idmançılar olaraq sağlam həyat tərzinin onların arasında təşviqinə səbəb olan amildir. Dünyanın fərqli məkanlarında məhz gəncləri əhatə edən bu kimi yarışların keçirilməsi gənclərin formalaşması baxımından əhəmiyyətini zaman-zaman görürük”.
M.Cəfərov qeyd edib ki, III MDB Oyunlarının keçirilməsi həmçinin ölkənin turizm potensialını gücləndirəcək və Gəncə şəhərinin beynəlxalq aləmdə tanınmasına töhfə verməsidə realdır. Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır:
“Yenicə istifadəyə verilmiş möhtəşəm Gəncə Stadionunda açılışını baş tutan bu idman oyunları iştirakçı ölkələrin və xalqların arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək. Ən əsası isə bu oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir”.
Milli Məclisin deputatı Aqil Abbas Metbuat.az-a açıqlamasında bildirib ki, Gəncə Azərbaycanın paytaxtlarından olub və ölkənin ikinci ən böyük şəhəridir. MDB Oyunlarının burada keçirilməsi şəhərin abadlaşmasına və gənclərin idmana marağının artmasına töhfə verir:
“Eyni zamanda, Yevlax və Şəkidə oyunların təşkili də həmin bölgələrin sakinlərində idmana həvsi artırır. Bu, həm regionların inkişafına, həm də gənclərin idmana marağının yüksəlməsinə xidmət edir. Bütün tədbirləri yalnız Bakıda keçirmək isə doğru olmaz. Gəncə indi tamamilə fərqli, daha da gözəl bir şəhər halına gəlib. Belə davam edərsə, regionların inkişafına və gənclərin idmana marağına müsbət təsir davam edəcək”.
Sevinc İbrahimzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.