
Bakı. Trend:
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə
keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II
Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan Özbəkistan
Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat
Şurasında olub.
Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildirib
ki, Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələr
dərinləşməkdədir və artıq ikinci dəfə keçirilən
Azərbaycan–Özbəkistan Media Forumu münasibətlərin strateji xarakter
almasından xəbər verir. Bunu sevindirici məqam kimi vurğulayan
R.Məcid münasibətlərdəki sağlam təməlin bundan sonra daha uğurlu
nəticələrin əldə olunması üçün baza rolunu oynayacağına əminliyini
ifadə edib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı ilə
əməkdaşlığını da ümumi işə mühüm töhfə kimi qiymətləndirib.
Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov da
çıxışında rəhbərlik etdiyi qurumla MŞ-nin sıx təmaslarından söz
açıb və bu baxımdan təşkilatların ötən il aprelin 22-də
imzaladıqları Əməkdaşlıq Memorandumundan söz açıb. O bildirib ki,
həmin sənəd çərçivəsində Özbəkistandan Azərbaycana, eyni zamanda
Azərbaycandan Özbəkistana media təmsilçilərinin səfərləri təşkil
olunmaqdadır. Bu səfərlər həm təcrübə mübadiləsi, həm də getdikcə
qloballaşan struktura malik dünya media məkanında ortaq maraq və
mənafelərin qorunmasına müştərək yanaşmanın nümayişinə dəstək
nöqteyi-nəzərdən önəmlidir.
Qeyd edək ki, X.Səlimov Özbəkistan Jurnalistlər İttifaqının
fəxri üzvlük vəsiqələrini və döş nişanlarını MŞ sədri Rəşad Məcidə
və Şuranın İdarə Heyətinin üzvü Hacıbəy Heydərliyə təqdim edib.
Görüşdə “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarova və
“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlıya da qurumun
fəxri üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.