
Bakı.Trend:
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi
Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun
direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə
prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
prokuror ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı cinayət işi üzrə təqsirli bilinən Elşən
Mustafayev və Zamin Əliyevin 10 il müddətə azadlıqdan məhrum
edilməsini istəyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
“Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru
işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor
müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi
başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu
2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir
olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə
maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə
müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları
üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara
qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin
xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə
ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət
qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə
Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə
ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar
törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

