Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Baş səhifə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın
30-da davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar
Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq
iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov
məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə
bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs
Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər
tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət
olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam
Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.

Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman
məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə
etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin
verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları
onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş
edir.

Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə
tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara
gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini
almaq istədiklərini konkret göstərsinlər.

Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş
şəxslərin dindirilməsi ilə davam edib.

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov
ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak
olduğunu qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova
ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində
Ağdərədə həlak olub.

Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov
ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu
deyib.

Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində
bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz
erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində
Xankəndidə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş
Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib
ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın
partlaması nəticəsində həlak olub. O deyib: “Qardaşım AzTV-nin
operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və
Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif
Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb”.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər
nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.

Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə
köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki,
düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət
alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran
zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən
Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu
avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər
xəsarət alıb.

Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində
Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.

Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun
qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər
nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası
aldığını, bir nəfərin isə həlak olduğunu deyib.

Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində
olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində
yaralandığını söyləyib.

Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi
nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.

Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin
açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət
aldıqlarını deyiblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə
işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.

Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və
qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun
Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması
nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak
olub.

Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa
istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb.
Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə
yaralanıb.

Digər zərərçəkənlər – Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis
İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat
Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal
Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti
Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin
təxribatları və basdırdıqları minaların partlaması nəticəsində
yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi
ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
aparılmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir