
Bakı. Trend:
Azərbaycan maliyyə naziri Sahil Babayev Əlcəzair Xalq Demokratik
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım
Zakia İğhilini qəbul edib.
Trend xəbər verir ki, bu
barədə Maliyyə Nazirliyindən bildirilib.
Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Əlcəzair
arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə ikitərəfli
əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın daha da
dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
S.Babayev enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin,
qarşılıqlı investisiya təşəbbüslərinin dəstəklənməsinin, eləcə də
ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mövcud investisiya göstəricilərinin hələlik aşağı olmasına
baxmayaraq, qeyri-neft və qaz sektorunda əməkdaşlıq üçün böyük
potensialın olduğu, logistika və turizm imkanlarının, hava
nəqliyyatı əlaqələrinin, həmçinin bərpa və tikinti layihələrinin
nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakia İğhili
fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da
genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
vurğulayıb.
Görüşün sonunda maliyyə naziri səfirə Azərbaycandakı diplomatik
fəaliyyətində uğurlar arzulayıb.