
Bakı. Trend:
Sentyabrın 30-da Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025)
çərçivəsində Gənclərin İqlim Forumu işə başlayıb.
Azərbaycan və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya
gətirən Gənclərin İqlim Forumunda gün ərzində rəqəmsal
transformasiya, təmiz enerji, şəhərsalma və iqlim diplomatiyası
mövzularında keçirilən panellər gənclərin COP29 irsini davam
etdirməklə yanaşı, iqlim fəaliyyəti üzrə innovativ yanaşmaları necə
formalaşdırdıqlarını da nümayiş etdirdi.
Trend xəbər verir
ki, forumda çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri
üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev COP29
Sədrliyinin uşaqları və gəncləri bütün fəaliyyətlərin prioritetinə
çevirdiyini deyib.
“Bu, onların ehtiyac və səslərinin hər bir müzakirədə və qərarda
öz əksini tapması demək idi. Həmin yanaşmamızın nəticələrindən
qürur duyuruq. Tarixi razılaşmamız olan “Bakı Maliyyə Çərçivəsi”
bütün tərəfləri və vətəndaş cəmiyyətini uşaqlar və gənclərin iqlim
maliyyəsi ilə dəstəklənməsinə çağırdı. Biz razılaşdıq ki, iqlim
dəyişikliyinin təsirlərinə uyğunlaşmada əldə olunan irəliləyişlər
ölçülərkən gənclərin ehtiyacları mütləq nəzərə alınsın. Həmçinin
ölkələrin yaşa uyğun iqlim planları hazırlamasını və bu prosesə
gənclərin bilavasitə cəlb olunmasını təşviq etdik. Bu istiqamətdə
“İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü”
təqdim etdik. Bu təşəbbüs beynəlxalq iqlim strategiyalarında
təhsilin, potensialın artırılmasının və bacarıqların inkişafının
vacibliyini vurğuladı. Paralel olaraq, ekoloji savadlılıq
göstəricilərinin hazırlanması üçün “Yaşıl Təhsil Tərəfdaşlığı”nı
təsis etdik. Bundan başqa, UNICEF-i “Uşaqlar və İqlim Fəaliyyəti
üzrə Dostlar Qrupu”nun yaradılmasında dəstəklədik. Bizim üçün
xüsusi önəm daşıyırdı ki, Azərbaycan gəncləri COP prosesinə
bilavasitə cəlb olunsun. Ölkəmizin müxtəlif bölgələrindən gənclər
könüllü şəkildə konfransın təşkilinə qatıldılar, həmrəylik nümayiş
etdirdilər, Azərbaycanın qonaqpərvərliyini bütün dünyaya
göstərdilər və hər kəsə gənclərin enerjisini, qətiyyətini və iqlim
həllərinə sadiqliyini sübut etdilər. COP29-un özündə isə biz
“Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsini”
qəbul etdik. Həmin sənəd uşaqlara və gənclərə yönəlik iqlim
siyasətlərinin sürətləndirilməsinə dair öhdəliyimizi təsdiqlədi.
İndi isə Azərbaycan hökuməti bu vədləri yerinə yetirmək əzmindədir.
Biz gənclərimizin yaşıl keçid dövründə uğurla irəliləməsi üçün
lazım olan bilik, bacarıq və imkanlarla təmin olunmasını qarşımıza
məqsəd qoymuşuq. Azərbaycan gəncləri həm də Braziliyanın növbəti
sədrliyi və Gənclər üzrə İqlim Çempionu ilə sıx əməkdaşlıq edəcək,
gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmasına dəstək
göstərəcəklər”, – deyə Muxtar Babayev diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş
danışıqçısı Yalçın Rəfiyevin sözlərinə görə, COP29 gənclərin
baxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardan
biri kimi tarixə düşdü: “Bizim fəaliyyətimiz yalnız danışıqlar
masası ilə məhdudlaşmadı, həmçinin sədrliyimizin konsepsiyasında da
gənclərin rolu nəzərə alındı. Bütövlükdə yanaşmamız, gənclərin
qlobal miqyasda ehtiyac və prioritetlərini özündə əks etdirdi.
Bu gün biz çoxtərəfli diplomatiya və qlobal iqlim fəaliyyətində
yeni və ümidverici mərhələyə qədəm qoyuruq. Həmin mərhələ təkcə
beynəlxalq sistem üçün deyil, bütövlükdə iqlim gündəliyimiz üçün də
böyük əhəmiyyət daşıyır. Əsas çağırışımız odur ki, gənclər qlobal
iqlim fəaliyyətinə daha da sadiq olsun, bu prosesdə öz
məsuliyyətlərini dərk etsin və gələcəyin peşəkar danışıqlar
aparıcıları kimi formalaşsın”.
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə
yüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışı zamanı gənclərə
müraciət edib. “Əziz gənclər, bir həqiqəti vurğulamaq istəyirəm. Bu
tədbir sadəcə bir toplantı deyil, hərəkatdır. İqlim fəaliyyətini
irəli aparan ən güclü qüvvə sizsiniz! Sizin enerjiniz, ideyalarınız
və təciliyyət hissiniz. Bunlar sadəcə ruhlandırıcı deyil, həm də bu
mübarizənin ayrılmaz əsas şərtidir. Azərbaycan COP29-a ev sahibliyi
edəndə dünya ümid və qətiyyətlə Bakıda bir araya gəldi. Bu, bizim
üçün qürur və məsuliyyət anı idi. Amma həmin prosesin əsl mirası
yalnız imzalanmış sənədlərdə və ya verilmiş öhdəliklərdə deyil,
ondan sonra görüləcək işlərdədir. Çünki iqlim dəyişikliyi uzaq
gələcəyin deyil, bu günün reallığıdır. O, sizin gələcək həyatınıza
çox təsir edəcək. Unutmayaq ki, heç bir yol xəritəsi, qlobal
öhdəlik sizin liderliyiniz, israrınız və təzyiqiniz olmadan uğurla
həyata keçirilə bilməz. Dünyanın hər yerində gənclər artıq öncüllük
edirlər. Təmiz enerji startapları yaradır, ekoloji layihələrə
rəhbərlik edir, maarifləndirmə aparır, ədalət tələb edir və
həmyaşıdlarını cəsarətlə səfərbər edirlər. Elə burada Azərbaycanda
da gənclər yaşıl həllər hazırlayır, plastik tullantılara qarşı
mübarizə aparır, Xəzərdən dağ kəndlərinə qədər meşələrin bərpası və
təbiəti mühafizə təşəbbüslərinə qoşulurlar. Siz göstərirsiniz ki,
ambisiya yalnız sözlərlə ölçülmür, ambisiya insanları, icmaları və
bütün sistemi dəyişdirən real hərəkətdir. Bu Forum sizin
platformanızdır, innovasiya etmək, ideyalarınızı bölüşmək,
siyasətlərin formalaşmasına təsir göstərmək üçün bir fürsətdir.
Bizim mövqeyimiz açıqdır: gənclər bu prosesin mərkəzində
olmalıdırlar. Azərbaycan olaraq biz gənclərin gücləndirilməsini
yalnız düzgün deyil, həm də ağıllı seçim hesab edirik. Ölkəmiz
iqtisadiyyatını şaxələndirərkən, bərpaolunan enerji sahəsini
böyüdərkən və iqlim dayanıqlığını gücləndirərkən bu dönüşümün əsas
hərəkətverici qüvvəsi məhz siz – sizin bacarıqlarınız,
innovasiyanız və liderliyiniz olacaq. Əlbəttə, gələcək
çətinliklərlə doludur: süni intellekt, rəqəmsallaşma və iqlim
dəyişikliyi dünyanı yeni çağırışlarla üz-üzə qoyur. Lakin, eyni
zamanda, böyük imkanlar da gətirir. Bu imkanlardan necə
yararlanmaq, yeni bacarıqları necə qazanmaq və gələcəyinizi necə
formalaşdırmaq isə artıq sizin əlinizdədir, əziz gənclər! Burada
olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bilin ki, Azərbaycan
və COP29-un sədrliyi olaraq biz həmişə yanınızdayıq və
təşəbbüslərinizdə sizi dəstəkləməyə hazırıq. Gəlin birlikdə sözləri
əmələ, əməli isə qalıcı dəyişikliklərə çevirək”, – deyə o
bildirib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka
Andreeva gənclərin insanlığın birgə hərəkətini təmin edən əsas
qüvvəsi olduğunu qeyd edib. O, fikirlərinə belə davam edib: “Dünən
eşitdiyim çox gözəl ifadəni bölüşmək istəyirəm: bir-birimizə qarşı
məsuliyyətimiz var. Bu, yalnız yaşaya biləcəyimiz planet üçün
deyil, həm də təmiz su və yaşıl gələcək üçün məsuliyyət deməkdir.
Siz elə bir mənəvi aydınlıq gətirirsiniz ki, bu, bizləri hər zaman
daha məsuliyyətli olmağa həvəsləndirir. Bugünkü Forum sizə üç əsas
mövzunu müzakirə etmək imkanı verir. Birincisi, rəqəmsal alətlər –
iqlim fəaliyyətində şəffaflıq, səmərəlilik və hesabatlılığı necə
gücləndirə bilərlər.
İkincisi, şəhər inkişafı – gələn ilin mayında Bakı 13-cü Dünya
Şəhər Forumuna ev sahibliyi edəcək. Gənclərin səsi şəhərləri iqlimə
davamlı, dayanıqlı və təhlükəsiz etməkdə həlledici olacaq.
Üçüncüsü, iqlim diplomatiyası – diplomatiya gündəlik bacarıqdır,
lakin iqlim diplomatiyası xüsusilə vacibdir. Geosiyasi
dəyişikliklər fonunda qarşımızda elmi arqumentlərə əsaslanmayan
tərəflər də olacaq. Buna baxmayaraq, planetimiz ortaq evimizdir və
gələcək nəsillər üçün ortaq razılıq və yol tapmaq bizim
borcumuzdur. İqlim böhranı dövrümüzün ən böyük çağırışıdır. Lakin
sizin yaradıcılığınız, əzminiz və vizyonunuz bu böhranı böyük bir
transformasiya fürsətinə çevirə bilər. Birləşmiş Millətlər
Təşkilatı, qlobal komanda və mənim həmkarlarım Azərbaycanda
gənclərin yanındadır. Biz gənclərin liderliyini dəstəkləməyə,
onların səsini gücləndirməyə və onları dayanıqlı, yaşıl və ədalətli
gələcəyin formalaşmasında bərabərhüquqlu tərəfdaş etməyə sadiqik.
Gəlin gələcəyimizi birlikdə quraq!”.
COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova Bakı İqlim
Fəaliyyəti Həftəsi 2025 çərçivəsində keçirilən ilk Gənclər
Forumunun həm tarixi bir mərhələ, həm də gənclərin iqlim həllərində
liderlik rolunu formalaşdıracaq güclü bir ənənənin başlanğıcı
olduğunu diqqətə çatdırıb.
Leyla Həsənova vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi
yalnız dəyirmi masa müzakirələri üçün deyil. Məqsəd bütün cəmiyyəti
bu məsələyə cəlb etmək, böhranı həll etmək və iqlim mövzusunu hər
kəsin gündəliyinə gətirməkdir. “Növbəti iki gün ərzində bu Forum
gəncləri, siyasətçiləri, beynəlxalq təşkilatları və innovatorları
bir araya gətirəcək. Məqsəd iqlim fəaliyyətini rəqəmsal
transformasiya, təmiz enerji, dayanıqlı şəhərlər və iqlim
diplomatiyası vasitəsilə irəli aparmaqdır. Sabah isə tematik qrup
işləri ilə davam edəcəyik və iştirakçılar artıq öyrəndiklərini
tətbiq edəcəklər. Burada əsas diqqət mesajların düzgün qurulmasına,
gənclərin prioritetlərinin və həll yollarının aydın şəkildə
eşidilməsinə yönələcək. Bu Forumdan kənarda isə builki Bakı İqlim
Fəaliyyəti Həftəsi ən geniş gənclər proqramına sahibdir. Həftə
boyunca “Sustainable Expo”, “Planet üçün İncəsənət və İnnovasiya”,
kənd təsərrüfatı üzrə gənclər üçün seminar, ADA Universitetində
iqlim dəyişikliyi üzrə ikinci tədbir və Dayanıqlı Karyera
Yarmarkası da keçiriləcək. Bunların hamısı göstərir ki, gənclər
elmdə, innovasiyada, incəsənətdə və təhsildə liderlik edirlər və
karyera yollarını qururlar. Siz burada ideyaları irəli gətirmək
üçün cəsarət, köhnə modelləri aşmaq üçün yaradıcılıq və uşaqların,
gənclərin səsinin qərar qəbuletmənin mərkəzində olmasını təmin
etmək üçün əlaqələr nümayiş etdirəcəksiniz”, – deyə o diqqətə
bildirib.
Tədbir “İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlı
inkişafı necə təmin edir”, “Baxışdan reallığa: daha yaşıl dünya
üçün təmiz enerji və şəhər inkişafı”,”Danışıqlardan hərəkətə:
iqlimə davamlılıq üçün diplomatiya” mövzularında panel
müzakirələrlə davam edib.
“İdeyalardan hərəkətə: rəqəmsal transformasiya davamlı inkişafı
necə təmin edir” panel müzakirəsinsə çıxış edən
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət
şöbəsinin müdir müavini Arzu Tairquliyeva-Nağıyeva iqtisadi
idarəetmənin çevikləşdirilməsi, sosial sistemlərin səmərəliliyinin
artırılması və ekoloji siyasətlərin gücləndirilməsinin bu gün
prioritet məsələ olduğunu bildirib. Qeyd olunub ki, texnologiyanın
sürətli inkişafı həyatımızı dəyişir və təhsil bu dəyişikliklərə
cavab olaraq insanlara lazımi bacarıqlar qazandırır, cəmiyyətə və
planetə fayda verir.
Onun sözlərinə görə, Azərbaycan 2022-ci ildən etibarən BMT və
tərəfdaş qurumlarla birgə Davamlı İnkişaf Məqsədləri üzrə dialoqlar
təşkil edir. Hər il ən azı iki belə dialoq keçirilir. Bu ilin
iyununda keçirilən ilk dialoq təhsilə ömürboyu öyrənmə və gələcək
bacarıqlara həsr olunub. İki həftə sonra isə yeni dialoq baş
tutacaq və əsas mövzu yenə də Azərbaycanın davamlı inkişafı üçün
təhsilə investisiya olacaq.
Rəqəmsallaşma əmək bazarını köklü şəkildə dəyişir.
Azərbaycanın “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası” insan kapitalının inkişafını
prioritetləşdirir. Bu istiqamətdə yeni təhsil məzmunu hazırlanır,
mövcud kadrların bilikləri artırılır. İqtisadiyyat Nazirliyi əmək
bazarını izləyir və rəqəmsal ixtisaslara xüsusi önəm verir.
Bu çərçivədə Dördüncü Sənaye İnqilabı Akademiyası artıq 10 min
nəfərə ödənişsiz təhsil imkanı verib, 1800-dən çox kurs təqdim
edib. Süni intellekt, data analitikası, blockchain, bulud
texnologiyaları və yumşaq bacarıqlar əsas mövzulardır.
Dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarının sayı
da artır. Hazırda qəbul olunan tələbələrin təxminən 90 faizi dövlət
sifarişi ilə oxuyur, bu isə əvvəlki illərlə müqayisədə 50 faiz
artım deməkdir.
O bildirib ki, təhsil hər bir transformasiyanın xüsusilə də
rəqəmsal transformasiyanın mərkəzində dayanır. Əgər biz gəncləri
düzgün bacarıq və dəyərlərlə təmin etsək, texnologiya dayanıqlılıq,
bərabərlik və innovasiyanın ən güclü alətinə çevriləcək.
Hazırda qlobal e-tullantı monitorinqinə rəhbərlik etdiklərini
bildirən Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional
direktoru Natalia Moçu son hesabatlarına görə, dünyada ildə
təxminən 62 milyon ton elektron tullantı yarandığını və bu rəqəmin
2030-cu ilə qədər 75 milyon tona çata biləcəyini diqqətə çatdırıb: “Bu, çox ciddi çağırışdır. Ona görə də gəncləri praktiki
təşəbbüslərə qoşulmağa, startaplar yaratmağa, innovativ ideyalarla
e-tullantıların azaldılmasına dəstək olmağa dəvət edirik. Çünki hər
gün istifadə etdiyimiz telefon, kompüter və digər cihazlar
köhnəldikdə tullantıya çevrilir, lakin onların iqlimə təsirini çox
vaxt nəzərə almırıq. Halbuki məsuliyyətli yanaşma ilə biz həm
təbiəti qoruya, həm də dayanıqlı rəqəmsal gələcək qura
bilərik”.
Qeyd edək ki, Gənclərin İqlim Forumunun işinə oktyabrın 1-də
yekun vurulacaq.