
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Virciniyadakı Kuontiko Dəniz
Piyadaları bazasında hərbi komandanlıq qarşısında çıxışı zamanı
eskadron döyüşü üçün nəzərdə tutulan, güclü artilleriyaya malik
döyüş gəmilərinin (böyük sinifli gəmilərin) yenidən
canlandırılmasını təklif edib.
Trend-in
məlumatına görə, Donald Tramp çıxışında Pentaqon rəhbəri Pit Heqset
ilə görüşdə belə gəmilərin “heç nə tərəfindən dayandırıla
bilməyəcəyini” vurğulayıb.
Prezident qeyd edib ki, o bu sinif gəmiləri köhnəlmiş saymır və
onların əsas döyüş sursatı olan artilleriya mərmilərinin
raketlərdən “xeyli ucuz” olduğunu bildirib. “Mən bunun köhnə
texnologiya olduğunu düşünmürəm. Biz əslində döyüş gəmisi
konsepsiyasına baxırıq”, — deyə Tramp əlavə edib.
Qeyd olunur ki, ən böyük ABŞ döyüş gəmiləri Ayova sinifi olub —
təxminən 48 000 ton standart yerdəyişmə ilə. Bu sinif gəmilər
1990‑cı illərdə istifadədən çıxarılıb.

