
Bakı.Trend:
8 Noyabr Azərbaycan xalqının ən şanlı, ən qürurlu və unudulmaz
günlərindən biridir.
Bu tarix xalqımızın əzmini, milli birliyini, torpağa və Vətənə
olan sonsuz məhəbbətini əks etdirir. 2020-ci il noyabrın 8-də
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bu gün, xalqımızın
otuz ilə yaxın davam edən həsrətinə son qoydu, Qarabağın tacı –
Şuşa şəhəri azad olundu.
Qarabağ zəngin təbiəti, tarixi abidələri, musiqisi və
mədəniyyəti ilə xalqımızın kimliyinin ayrılmaz hissəsidir. Lakin
1988-ci ildən başlayan Ermənistanın təcavüzü nəticəsində
torpaqlarımız işğal olundu, yüz minlərlə soydaşımız doğma yurdundan
didərgin salındı. Xalqımız otuz ilə yaxın bir müddətdə bu
haqsızlığa dözdü. Lakin hər bir azərbaycanlının qəlbində bir arzu
yaşayırdı – “Qarabağ Azərbaycandır!”.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi
Azərbaycan Ordusunun şanlı tarixinə çevrildi. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz
igidlik və peşəkarlıq göstərdi.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Laçın və
daha onlarla yaşayış məntəqəsi ardıcıl azad edildi. Hər bir döyüş,
hər bir qələbə şəhidlərimizin qanı bahasına qazanıldı.
Bu müharibənin zirvəsi isə 8 noyabr – Şuşanın azad olunması
oldu. Qəhrəman Azərbaycan əsgəri dağları, qayaları aşaraq, əlbəyaxa
döyüşlə Şuşanı düşməndən azad etdi. Şuşanın azadlığı bütöv
Azərbaycanın azadlığı, xalqımızın birliyi və gücünün simvoluna
çevrildi.
Bu qələbə təkcə ordumuzun hərbi gücü deyil, həm də xalqımızın
birliyinin, Vətən sevgisinin, dövlətinə və liderinə olan inamının
nəticəsidir. Qələbə günlərində bütün Azərbaycan bir ürək kimi
döyündü – ön cəbhədə əsgərlərimiz vuruşurdu, arxa cəbhədə isə
xalqımız onlara dua və dəstəklə dayanmışdı. Bayrağımız azad edilmiş
torpaqlarda dalğalandıqca, şəhidlərimizin ruhu şad oldu.
Şəhidlərimizin əziz xatirəsinə Zəfər Günü, eyni zamanda,
şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram günüdür. Onlar
canlarını Vətən uğrunda qurban verərək bizə azadlıq, qürur və şərəf
bəxş etdilər. Hər bir şəhidin adı xalqımızın yaddaşında əbədi
yaşayır. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir.
Zəfərdən sonra Azərbaycan tarixində yeni bir mərhələ başlandı.
Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri
həyata keçirilir. Qayıdış proqramı çərçivəsində insanlar yenidən
doğma yurdlarına dönür, Qarabağda həyat yenidən canlanır. Bu gün
Şuşada bayrağımız qürurla dalğalanır, mədəniyyətimiz, musiqimiz,
ruhumuz yenidən doğulur.
8 Noyabr – Zəfər Günü yalnız bir qələbənin deyil, həm də milli
dirçəlişin, birliyin, ədalətin və haqqın təntənəsidir.
Və bu həqiqət artıq bütün dünyaya bəllidir.
Azərbaycan xalqı bu zəfərlə öz tarixini, kimliyini və gücünü bir
daha sübut etdi. 8 Noyabr sonsuza qədər xalqımızın qürur və iftixar
günü kimi qalacaq.

