
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr – Zəfər Günü
ilə bağlı bəyanat yayıb.
Trend xəbər verir ki,
bəyanatda deyilir:
“8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər
Gününün beşinci ildönümü qeyd olunur. Azərbaycanlıların qəlblərinə
həkk olunan bu möhtəşəm tarix, 44 günlük Vətən Müharibəsində
qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün,
qətiyyətin və birliyin əbədi rəmzidir.
Beş il öncə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan Zati-aliləri İlham Əliyevin əzmkar liderliyi və silahlı
qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən
Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi
bütövlüyü bərpa edildi.
Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi –
Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı
qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi
xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər, cəsarəti və
fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və
qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu.
Son beş il ərzində ölkəmiz misli görülməmiş transformasiya və
yenidən canlanma dövrünü yaşayır.
“Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz
iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin
bərpası kimi nəhəng vəzifənin icrasına yönəldir.
Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir
infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən
faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma
yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi
Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu
kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız
torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin
dayanıqlı gələcəyinin inşasına xidmət edir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş
meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda
dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq
edir.
Azərbaycan regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf
naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət
prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin
normallaşdırılması prosesində aktiv rol oynayır.
8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş
Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş
Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.
Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq
tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar
lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün
qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz
konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam
şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə
yanaşmalıdır.
8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz
nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi
və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə
baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz
ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi
gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.
Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını,
xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı
bildiririk.
Zəfər Günümüz mübarək!”.

