Aİ-nin xaricdəki investisiya ehtiyatlarının həcmi 9,3 trilyon avronu ötüb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rezident investorları
tərəfindən Aİ-yə daxil olmayan ölkələrdə saxlanılan birbaşa xarici
investisiya ehtiyatlarının həcmi ötən il 9 trilyon 309 milyard avro
təşkil edib. Bu, 2023-cü illə müqayisədə 1,5 faiz çoxdur. Həmin
vaxt bu rəqəm 9 trilyon 168 milyard avro olub.

Trend xəbər verir ki, bu, Aİ
Statistika İdarəsinin (Eurostat) hesabatında əksini tapıb. Eyni
zamanda, Aİ xaricindəki investorlar tərəfindən Avropa İttifaqında
saxlanılan investisiya ehtiyatları 2024-cü ildə 7 trilyon 38
milyard avroya düşüb ki, bu da bir il əvvəllə müqayisədə 2,5 faiz
azalma deməkdir. Beləliklə, 2024-cü ildə Aİ-nin dünyanın qalan
hissəsi ilə xalis investisiya mövqeyi əvvəlki illə müqayisədə 16,5
faiz artıb.




Ötən il ABŞ Aİ-nin dünyanın digər ölkələrindəki birbaşa xarici
investisiya ehtiyatlarının 28,7 faizini (təxminən 2 trilyon 673
milyard avro) cəlb edib. Onu Böyük Britaniya izləyib – 1 trilyon
813 milyard avro (19,5 faiz). Sonrakı pillələrdə İsveçrə (778
milyard avro – 8,4 faiz), Braziliya (276 milyard avro – 3 faiz) və
Sinqapur (250 milyard avro – 2,7 faiz) yer alıb. Aİ rezidentlərinin
investisiyaları, həmçinin Kanada (2,6 faiz), Çin (2,6 faiz –
Honkonq istisna olmaqla), Bermud adaları (2,5 faiz), Meksika (2,2
faiz) və Kayman adalarında (2 faiz) yerləşib.

Əks istiqamətdə – Aİ-yə xaricdən qoyulan birbaşa investisiyalar
arasında da ABŞ əsas paya malik olub – 2 trilyon 180 milyard avro
(31 faiz). Onu Böyük Britaniya (1 trilyon 228 milyard avro – 17,5
faiz), İsveçrə (630 milyard avro – 9 faiz), Kayman adaları (352
milyard avro – 5 faiz), Sinqapur (274 milyard avro – 3,9 faiz) və
Bermud adaları (245 milyard avro – 3,5 faiz) izləyib. Bu göstərici
üzrə 2 faizdən çox paya sahib digər ölkələr Kanada (3,3 faiz),
Yaponiya (3,3 faiz) və Britaniya Virgin adaları (2,1 faiz)
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir