
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünən Ağ Evdə Mərkəzi
Asiyanın beş ölkəsinin liderləri – Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,
Tacikistan Prezidenti Emomali Rəhmon, Qırğızıstan Prezidenti Sadır
Japarov və Türkmənistan Prezidenti Sərdar Berdimuhammedovla sammit
keçirmək onun üçün böyük şərəf olub.
Trend xəbər verir ki, Tramp
bu barədə “Truth Social” sosial platformasında paylaşım edib.
Prezidentin sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları son
otuz il ərzində bu ölkələrə lazımi diqqət göstərməyib. O, Avropa,
Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Mərkəzi Asiyanın
strateji əhəmiyyətini vurğulayaraq, regionun zəngin təbii
sərvətlərə – nadir minerallara, karbohidrogenlərə və yüksək insan
potensialına malik olduğunu qeyd edib.
Tramp bildirib ki, “C5+1” formatının 10 illiyi çərçivəsində
milyardlarla dollar dəyərində kommersiya razılaşmaları imzalanıb.
Onun sözlərinə görə, bu sazişlər ABŞ-da aviasiya, mədənçilik, kənd
təsərrüfatı, dəmir yolu, avtomobil və texnologiya sahələrində on
minlərlə yeni iş yerinin yaradılmasına töhfə verəcək.
ABŞ Prezidenti keçirilən görüşün Birləşmiş Ştatlar ilə
Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan
arasında münasibətlərin “yeni və perspektivli mərhələsinin
başlanğıcı” olduğunu qeyd edib.

