Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı
səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr
olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki,
tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı
Azərbaycan icmasının nümayəndələri və digər qonaqlar iştirak
ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi
uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib ki, 8 noyabr
Azərbaycan üçün ədalətin zəfər çaldığı gündür. O bildirib ki, bu
tək Azərbaycan xalqı və ya xaricdə yaşayan azərbaycanlılar üçün
deyil, eyni zamanda region və bütün dünya üçün ədalətin
bərpasıdır.

“Qələbə qazandıqdan sonra çox az sayda ölkə dərhal sülh əlini
uzadır, lakin biz bunu etdik. Çünki biz inanırıq ki, qələbə yalnız
meydanda deyil, diplomatiyada da qazanılmalıdır. Bu, həmçinin
xalqlarımız üçün vacibdir. İndi sülh vaxtıdır. Düşünürəm ki, avqust
ayında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol
Paşinyanın Vaşinqtonda olması çox diqqətəlayiqdir. Prezident Donald
Tramp Cənubi Qafqazda sülh və rifahı növbəti mərhələyə çatdırmaqda
bizə kömək etdi. Biz bu yolu davam etdirəcəyik. Biz həmişə güclü
qalacağıq ki, bir daha heç kim bizə zərər vermək, torpaqlarımızı
ələ keçirmək barədə düşünməsin. Eyni zamanda, sülhün təkcə Cənubi
Qafqazda deyil, daha geniş bölgədə insanlar arasında əlaqələrin,
bizneslərin birgə işləməsinə imkan verməsi üçün əlimizdən gələni
edəcəyik”,- deyə səfir əlavə edib.

Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş
olunub.

Ardınca çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarında
hərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan
Kamran Tahirbəyli vətənin suverenliyi üçün canlarını fəda edən
əsgərlərimiz barədə danışıb. O deyib ki, Azərbaycan əsgərinin
şücaəti işğala deyil, işğala son qoymağa, təhlükəsizliyi təmin
etməyə və barışıq və birgəyaşayışa yol açmaq məqsədi daşıyırdı.
K.Tahirbəyli əlavə edib ki, Azərbaycan Cənubi Qafqazın xalqlar
arasında əlaqə, rifah və dostluq bölgəsi olacağı bir gələcəyə
ümidlə baxır.

Sonda kamança ustası Toğrul Orucov və pianoçu Faiq Abdullayevin
ifasında Azərbaycan musiqi nümunələri səsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir