
Bakı. Trend:
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi və
Azərbaycanın parlaq Zəfəri bütün dünyaya bir daha sübut etdi ki,
Azərbaycan Ordusu və xalqı istənilən çətinliyi dəf etməyə
qadirdir.
Bu fikirləri 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Nicat
Balayev bildirib.
1976-cı ildə Qobustan rayonunda anadan olan Nicat Balayev deyib
ki, Vətənə olan sonsuz sevgisi onu gənc yaşlarından döyüş meydanına
səsləyib:
“Birinci Qarabağ müharibəsində Murovdağ istiqamətində 4 il 9 ay
xidmət etmişəm. Bu müddət ərzində üç dəfə yaralanmışam. İkinci
Vətən müharibəsi başlayanda birinci müharibə iştirakçılarından
ibarət xüsusi təyinatlı əməliyyat qrupu yaradıldı. Həmin qrupun
tərkibində Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində
döyüşlərdə iştirak etdim”.
Qazi bildirib ki, 2020-ci ilin 8 noyabrında Qubadlının
mərkəzində yaralansa da, döyüş mövqeyini tərk etməyib:
“İlkin tibbi yardım göstərildikdən sonra yenidən döyüşə
qayıtdım. Biz o gün vətən uğrunda bir yumruq kimi
birləşmişdik”.
Nicat Balayev vurğulayıb ki, Vətən müharibəsində qazanılan Zəfər
Azərbaycan xalqının birliyinin, Ordumuzun peşəkarlığının və Ali Baş
Komandanın qətiyyətli iradəsinin təntənəsidir:
“Bu Zəfər münasibətilə bütün xalqımızı, Ali Baş Komandan başda
olmaqla Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman heyətini,
silahdaşlarımı və qazi qardaşlarımı təbrik edirəm. Allah
şəhidlərimizə rəhmət eləsin. Biz onlara və onların ailələrinə
borcluyuq. Allah nəvələrimizə, nəticələrimizə heç vaxt müharibə
göstərməsin”.

