
Bakı.Trend:
8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə
yazılmış ən şanlı günlərdən biridir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova
bildirib.
S.Mikayılova qeyd edib ki, bu gün xalqımızın birliyi, ordumuzun
qəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər
Günüdür:
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə,
torpaqlarımızın azadlığı, milli qürurumuzun bərpası deməkdir. Bu
tarix yüzilliklər boyu mübarizə və əzmlə qorunan Vətən
torpaqlarının azadlığı uğrunda əldə edilmiş möhtəşəm Qələbənin
simvoludur. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda milli
birliyin, xalq və ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman
oğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə həm də
Azərbaycanın tarixində yeni bir dövrün – quruculuq, dirçəliş və
sülhün təmin olunması mərhələsinin başlanğıcı oldu.”
S.Mikayılova vurğulayıb ki, Şuşanın azad edilməsi isə Zəfərin
zirvəsi, Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşması
demək idi:
“8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər bir
azərbaycanlının qəlbində fəxarət və iftixar hissi yaradır. 44
günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətən
sevgisi Azərbaycan xalqının tarix boyu formalaşmış milli kimliyinin
ən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizin
fədakarlığı və xalqımızın birliyi bu Zəfəri mümkün etdi. Bu gün
işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur – yollar,
məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azad
yurdlarımızda qürurla dalğalanır. Hər bir daşın, hər bir ağacın
altında qəhrəmanlıq və sədaqət hekayəsi yatır”.
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasi
uzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də
beynəlxalq arenada tarixi ədaləti bərpa etdi:
“Müharibənin hər günü, hər anı Prezident İlham Əliyevin bir
dövlət başçısı kimi xalqa verdiyi mesajlarda öz əksini tapırdı.
Onun çıxışları, xalqa müraciətləri xalqın ruhunu qaldırır, hər bir
vətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həm
diplomatik cəbhədə, həm də informasiya savaşında müstəsna liderlik
nümayiş etdirdi.8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri
bütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq etdi. Bu,
Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclü
dövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onun
rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, üçrəngli
bayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər qarışında
dalğalandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu
Zəfər, yalnız hərbi uğur deyil, həm də mənəvi və siyasi qələbədir.
Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı
ədalətini özü təmin etməyə qadirdir”.

