
Bakı. Trend:
Vətən uğrunda vuruşduğum üçün qürur duyuram.
Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
Masallı rayon sakini qazi Elçin Əliyev deyib.
O bildirib ki, 2020-ci ildə Vətən müharibəsi başlayanda hərbi
xidmətini Beyləqan rayonu ərazisində keçirib və müharibənin ilk
günlərindən döyüşlərə qatılıb:
“Hərbi xidmətə Masallı rayonundan yola düşmüşdüm. 2020-ci ilin
sentyabrın 26-da Füzuli istiqamətinə göndərildik və elə ertəsi gün
müharibə başladı. Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak
etmişəm. Həmin döyüşlərdə yaralandım, amma geri çəkilmədim. O vaxt
cəmi 18 yaşım var idi, amma Vətən uğrunda döyüşmək hər şeydən üstün
idi”.
Gənc qazi qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı
üçün qürur və qələbə rəmzidir:
“Zəfər Günü çox böyük bir tarix, unudulmaz bir hissdir. Zəfər
Günü yalnız Azərbaycanın deyil, həm də bütün türk dünyasının qürur
günüdür. Bu sevinci bizə yaşadan, başda Ali Baş Komandan olmaqla,
Azərbaycan Silahlı Qüvvələrinin bütün qəhrəman heyətinə,
şəhidlərimizə, silahdaşlarıma və qazi qardaşlarıma minnətdaram.
Vətən müharibəsinin iştirakçısı olmaq, qazanılmış bu şanlı Zəfərdə
mənim də az da olsa payımın olması mənə sonsuz qürur verir”.

