İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik
Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci il
tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə
gənclərinin “Zəfərin 5 ili” forumu baş tutub.

Bu barədə Trend-ə Gənclər Fondundan məlumat verilib.

Forumun əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətən
müharibəsində qazandığı tarixi Zəfəri gənclər arasında təbliğ
etmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaq, Zəfərimizin
bütövlükdə türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki
ölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan və
Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrini
möhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclər
müstəvisində daha da dərinləşdirməkdən ibarət olub.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə
başlayıb. Açılış nitqləri ilə çıxış edən Azərbaycan Respublikasının
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif
Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcə
Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürurlandığı məqam
olduğunu qeyd ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin
bərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığı
və qardaşlıq ruhunun mühüm rol oynadığını, Azərbaycan və Türkiyə
gəncləri arasında formalaşmış sarsılmaz dostluq və strateji
tərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrə
mühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnız
bölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik və
həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.




Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı
Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ
qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı
Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycan
suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərimizin
mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs
ediblər.

Forumun zəngin proqramı qardaşlıq, həmrəylik və zəfər ruhunu
ifadə edən musiqili çıxışlarla davam edib. İstedadlı gənc xanəndə
Yusif Cəfərbəylinin ifaları iki qardaş ölkənin ortaq mədəni
dəyərlərini və mənəvi birliyini nümayiş etdirib. Vətən
müharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar isə forum
iştirakçılarında dərin emosional təəssürat yaradıb. Videoçarxlarda
Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldan
azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri
öz əksini tapıb.

Forum xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir