Azərbaycanın Gənclər və Könüllü Təşkilatları tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı birgə bəyanat yayıb

Baş səhifə

Bakı.Trend:

Bu gün Azərbaycan gəncləri və könüllüləri 8 Noyabr – Zəfər
Gününü dərin qürur hissi ilə qeyd edirlər. Vahid amal ətrafında
birləşən xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
dəmir iradəsi və Ordumuzun şücaəti sayəsində beş il öncə əldə
olunan tarixi qələbə Azərbaycan dövlətçiliyinin ən parlaq
səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Beynəlxalq
hüququn təntənəsini təcəssüm etdirən bu qələbə ilə xalqımız 30 ilə
yaxın davam etmiş işğal və ədalətsizliyə son qoydu. 2020-ci il 44
günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü,
2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində isə bütün
ölkə ərazisi üzərində suverenliyimiz tam bərqərar oldu. Azərbaycan
artıq Qalib ölkə, biz isə onun Qalib gəncləriyik. Bu Qələbəni
bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad
edir, sağlamlığını itirmiş qəhrəmanlarımıza şəfa diləyirik.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurası (NAYORA) və Azərbaycan Könüllü Təşkilatları
İttifaqının (AKTİ) tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı birgə
bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, tarixi Zəfərimiz eyni zamanda
xalqımızın doğma torpaqlarına qayıdışının, genişmiqyaslı
yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu. Ulu öndər Heydər
Əliyevin Azərbaycançılıq və dövlətçilik məfkurəsi ilə böyüyən,
dövlətimizin və dövlət başçısının ətrafında birləşən gənclər şanlı
Zəfərə aparan yolda istər döyüş meydanında, istərsə arxa cəbhədə
hər zaman ön sıralarda idi. Cənab Prezidentin söylədiyi kimi, “on
minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı
sayəsində bu gün azad Qarabağda yaşayırıq”. Bu gün biz gənclər
Böyük qayıdış və yenidənqurma prosesinin də aparıcı qüvvəsi
olmaqdan qürur duyuruq. Artıq on minlərlə vətəndaşımız işğaldan
azad olunmuş ərazilərimizdə yaşayır və çalışır. Bu insanların böyük
əksəriyyətini məhz gənc nəsil təşkil edir.




“Zəfərin beşinci ildönümünü qeyd edərkən, bölgəmizdə ədalətli
sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan mühüm
addımları alqışlayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev həm müharibənin qalibi, həm də sülh gündəliyinin
müəllifi kimi bizlərə öz nümunəvi liderliyini bir daha nümayiş
etdirdi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə aparılan danışıqlar
nəticəsində regionda nəhayət əminamanlıq və davamlı inkişaf üçün
möhkəm zəmin yaranmışdır. Bu, ölkəmiz və bütün Cənubi Qafqaz
regionu üçün yeni tarixi dövrün başlanğıcı deməkdir”, – bəyanatda
vurğulanıb.

“Zəfər bizim üçün sadəcə Qalib xalqın qürur mənbəyi deyil, həm
də təhlükəsiz və parlaq gələcəyə yönəlmiş çağırışıdır. Biz,
Azərbaycan gəncləri və könüllüləri, bu çağırışı qəbul edir və yeni
tarixi dövr üçün üzərimizə düşən missiyanı lazımınca dərk edir,
ölkəmizin daha da qüdrətlənməsi və inkişafı, ərazi bütövlüyü və
suverenliyinin əbədi olaraq təmin edilməsi üçün öz üzərimizə düşən
vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə hazır
olduğumuzu bəyan edirik”, – Azərbaycanın gənclər və könüllü
təşkilatları bəyanatını yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir