Hərbi paradda sərgilənən texnikalar ordumuzun inkişafının sübutudur – MN zabiti

Baş səhifə

Bakı. Trend:

Artıq 5-ci ildir ki, Zəfər Günü qeyd olunur. Mənim də bu Zəfər
Günündə payım olub və İkinci Qarabağ müharibəsinin iştirakçısı
olmuşam. Bu münasibətlə başda Ali Baş Komandan olmaqla, bütün
əsgərlərimizi və zabitlərimizi təbrik edirəm.

Bunu Vətən Müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş
hərbi parad çərçivəsində Trend-ə fikirlərini bölüşən Müdafiə Nazirliyinin
zabiti mayor Elşən Musayev deyib.

“Onlara uzun ömür, can sağlığı arzulayıram. Allah millətimizə və
dövlətimizə bu cür zəfərləri daha çox yaşatsın. Şəhidlərimizə
Allahdan rəhmət diləyir, qazilərimizə səbr, şəhid ailələri və
yaxınlarına səbr arzulayıram”, – deyə mayor vurğulayıb.

Elşən Musayev 44 günlük müharibədə iştirakından da söz açıb:




“Müharibə asan deyil. Müharibə heç vaxt itkisiz və şəhid olmadan
keçmir. Döyüşlərdə iştirak etmiş biri olaraq deyə bilərəm ki,
öncədən bu çətinlikləri bilirdik. Amma vətən torpaqlarının azad
olunması üçün bu yola getmişdik və and içmişdik. Bizə bu tapşırığı
verən Prezidentimizə təşəkkür edirəm. Biz də bu tapşırığı ləyaqətlə
yerinə yetirdik. Nə yaxşı ki, torpaqlarımızı azad etdik”.

MN zabiti əlavə edib ki, 44 günlük müharibədə ordumuz üzərinə
düşən bütün öhdəlikləri layiqincə yerinə yetirdi.

“Ondan sonra da inkişaf davam etdi. Bu gün ordumuzda yeni hərbi
texnikalar, silahlar, avadanlıqlar nümayiş etdirilir. Bütün bunlar
ordumuzun gücünü və qüdrətini göstərir. Hər bir ordu kimi bizim də
öz strategiyamız, imkanlarımız var. Hərbi paradda sərgilənən
texnikalar ordumuzun inkişafının, gücünün bir sübutudur. Mən şəxsən
müharibədə iştirak edən biri olaraq hərbçilərimizin necə
fədakarlıqla döyüşdüyünün şahidi olmuşam”, – deyə o fikrini
tamamlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir