Zəfərin 5-ci ildönümü Tbilisidə qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə Zəfər Gününün 5-ci ildönümü
münasibətilə təntənəli tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Şota
Rustaveli adına Dövlət Teatrında baş tutub.

Tədbirdə Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları,
diplomatik korpusların təmsilçiləri, rəsmi şəxslər və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Zəfərə aparan yol” sənədli filmi nümayiş etdirilib,
sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.




Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Vətən müharibəsi
və qazanılmış böyük qələbə barədə ətraflı məlumat verib. Səfir,
həmçinin keçirilən tədbirin iki ölkə xalqları arasında dostluq və
həmrəyliyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif
Seyidbəyov müharibə dövründə xalqımızın və dünya
azərbaycanlılarının birliyindən danışıb, şanlı Zəfərimizin
xalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssüm
etdirdiyini bildirib. Sədr müavini Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə də
məlumat verib.

Çıxışlarda Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda
canlarını fəda edən qəhrəmanların adlarının xalqın yaddaşına,
tarixin qızıl səhifələrinə əbədi həkk olunduğu bildirilib. Böyük
qələbənin Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham
Əliyevə inamının və etimadının, millətin sarsılmaz birliyinin
nəticəsində əldə olunduğu vurğulanıb.

Ardınca tədbirin bədii hissəsi baş tutub. Müğənni Zamiq Hüseynov
vətənpərvərlik ruhunda ifaları ilə tədbirə xüsusi rəng qatıb,
Gürcüstanın Dövlət Rəqs Akademiyasının “Erisioni” ansamblı isə
səhnədə rəqs nümunələri ilə çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir