
Bakı. Trend:
Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş
“KOB FEST” sərgi-satış yarmarkası keçirilir.
Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, Göyçay şəhər Stadionunda keçirilən yarmarkada
Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və
qeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərə
təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl
işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər,
orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri,
ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışı
həyata keçirilir.
“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul
və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış
imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında
əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və
master-klaslar da təşkil olunub.
“KOB FEST” sərgi-satış yarmarkası noyabrın 9-da da davam
edəcəkdir.

