
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana
əsasən, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Trend xəbər verir
ki, tədbirlərdə hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət
edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin
məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla
yad ediblər.
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin,
həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi
uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik
sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun
Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən,
qələbənin qazanılmasında xalqımızın rolundan, igid oğullarımızın
şücaətlərindən danışılıb, şəhidlərimizin xatirəsinin daim uca
tutulacağı vurğulanıb. Şanlı qələbəmizdən keçən beş il ərzində
işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq
işlərindən geniş söhbət açılıb.
Şəxsi heyətə Zəfər və döyüş ruhunun təbliği, Vətənə və dövlətə
sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması
məqsədilə dəyirmi masalar keçirilib, keçirilmiş döyüş əməliyyatları
haqqında ətraflı məlumat verilib.
Vətən müharibəsinə dair sənədli filmlər və videoçarxların
nümayişi, hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin
təqdim etdikləri musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar,
mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla
qarşılanıb.
Tədbirlərin sonunda yüksək döyüş hazırlığı və nizam-intizamı ilə
xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli
hədiyyələrlə mükafatlandırılıb.

