
Bakı. Trend:
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən
əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Zəfər Günü
münasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.
Trend xəbər verir
ki, “PAŞA Holding” 2023-cü ildən etibarən 44 günlük Vətən
Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları
üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində
Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü
münasibətilə şəhid övladlarına “PAŞA Holding” və “Bravo”
supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim
olunur.
Zəfər Gününün beşinci ildönümü münasibətilə nəzərdə tutulan
sovqatlar noyabr ayının əvvəlindən etibarən “Bravo” supermarketlər
şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin
könüllülərinin dəstəyi ilə şəhid ailələrinə çatdırılır. Bayram
sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterror
tədbirləri zamanı şəhid olan şəxslərin övladları da daxil edilib.
Hazırda proqram 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra baş
vermiş sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid
olmuş şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıq
övladını əhatə edir.
Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyə
sahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.

