
Bakı. Trend:
Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində
qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və
sevinclə qeyd edilib.
Trend xəbər verir
ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı
ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram
konserti və atəşfəşanlıq proqramı təşkil olunub.Xankəndi şəhəri,
Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və
Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət
və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri,
ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.
Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və
gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii
kompozisiyalarla çıxış ediblər. Tədbir zamanı səslənən musiqilər,
Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar
yaşadıb.
Bu gün Xankəndidə keçirilən Zəfərin 5 illiyi, Azərbaycanın
dövlətçilik tarixində qalib xalqın sarsılmaz birliyinin,
əzmkarlığının və əbədi Zəfər iradəsinin təntənəsi kimi yadda
qalacaq.

