
Bakı. Trend:
Almaniya hökuməti Çinə qarşı ticarət siyasətini, o cümlədən
enerji və xammal idxalını, eləcə də Pekinin Berlinin strateji
infrastrukturuna investisiyalarını yenidən qiymətləndirmək
məqsədilə parlamentə hesabat verəcək ekspert komitəsi yaratmağı
planlaşdırır.
Trend xəbər verir
ki, bu addım dünyanın ikinci və üçüncü ən böyük iqtisadiyyatları
arasında artan ticarət gərginliyi ilə bağlıdır. Kansler Fridrix
Mertsin rəhbərlik etdiyi mühafizəkarlar və koalisiya tərəfdaşları
olan sosial demokratlar tərəfindən hazırlanan sənədə görə, komitə
Almaniya və Çin arasında milli təhlükəsizlik üçün əhəmiyyətli olan
ticarət münasibətlərini təhlil edəcək və hökumətə tövsiyələr təqdim
edəcək.
Təşəbbüsün gələn cümə təsdiqlənəcəyi gözlənilir. Bundan sonra
təxminən 12 ekspertdən – alimlər, sənaye nümayəndələri, həmkarlar
ittifaqları və beyin mərkəzləri təmsilçilərindən ibarət komitə işə
başlayacaq.
Berlin uzun illər Çini Almaniya sənayesinin inkişafına töhfə
verən açıq qlobal ticarət sisteminin təbii müttəfiqi hesab edirdi.
Lakin son hadisələr, xüsusən Çinin avtomobil sektorunu təhdid edən
nadir yeraltı metallara ixrac məhdudiyyətləri, Berlini bu yanaşmanı
yenidən nəzərdən keçirməyə vadar edib.
Komitə ildə iki dəfə parlamentə hesabat verəcək.

