
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda tikilməsi
planlaşdırılan stadionun onun adı ilə adlandırılmasını istəyir.
Trend xəbər verir
ki, bu barədə ESPN məlumat yayıb.
Mənbələr bildiriblər ki, layihə Vaşinqtonun şərqində yerləşən
Robert Kennedi stadionunun yerində tikiləcək qapalı idman arenasını
əhatə edir. Layihənin dəyəri təxminən 3,7 milyard dollar təşkil
edəcək. Yeni stadionun 2030-cu ildə istifadəyə verilməsi və Milli
Futbol Liqasının “Washington Commanders” komandasının ev meydançası
olması planlaşdırılır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib: “Bu, gözəl bir
ad olardı, çünki yeni stadionu mümkün edən Prezident Tramp
olub”.
Yeni stadionun Kolumbiya dairəsinə məxsus olması və arenanın
adının müəyyənləşdirilməsi ilə bağlı son qərarın rəhbərlik
tərəfindən verilməsi gözlənilir.

