Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Artıq beşinci ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldan
azad edilmiş Şuşa şəhərində, 2023-cü ildən isə həm də Xankəndidə,
Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanmaqla bütün Azərbaycan
xalqına sonsuz qürur hissi yaşadır.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov 9 noyabr –
Dövlət Bayrağı Günü ilə əlaqədar Trend-ə verdiyi açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında
qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının
binası üzərində qaldırılıb. “Bu bayraq 1920-ci ilin aprel ayınadək
dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə
etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç
təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq”
düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy
Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il
fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu
Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə
deyirdi:

“Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi
qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və
Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsindən
sonra məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının
üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan
Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci
il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən
Dövlət bayrağını bərpa etmişdir.”

Millət vəkili daha sonra qeyd edib ki, dövlətimizin özünütəsdiq
simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və
güvənc yeridir:

“Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyini
vurğulayaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin
Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu
bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda,
məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi
olsun”. Ümummilli Liderimiz dövlət bayrağının milli birlik və
həmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu hər
zaman xüsusi qeyd etmişdir. Xalqımızın birliyi, həmrəyliyi
torpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldə
olunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Ölkə
Prezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdə
Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara
qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan
etdi”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir